İyunun 24-də Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti və AMEA Arxeologiya və Antropologiya İnstitutunun birgə təşkilatçılığı ilə  "Keşikçidağ" Dövlət Tarix-Mədəniyyət Qoruğu və Qırğızıstanın "Süleyman-Too" Milli Tarix-Arxeologiya Muzey Kompleksi arasında əməkdaşlığın qurulmasına dair onlayn görüş keçirilib.

Bu barədə "Keşikçidağ" qoruğundan məlumat verilib.

Görüşdə Dövlət Xidmətinin Muzey və qoruqlar şöbəsinin sektor müdiri Mahir Qəhrəmanov, "Keşikçidağ" qoruğunun direktoru Musa Mursaquliyev, BDU-nun  dosenti, tarix elmləri namizədi Yunis Nəsibli, Arxeologiya və Antropologiya İnstitutunun rəqəmsal inkişaf və süni intellekt üzrə direktor müavini, tarix üzrə fəlsəfə doktoru Pərviz Qasımov, institutun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Azad Zeynalov, eləcə də "Süleyman-Too" muzey kompleksinin baş direktorunun müavini Xayrullo İbaydullayev, şöbə müdirləri İsxak Eqemnazarov, Şayır Abjaparova və Aynura Jambılova iştirak ediblər.

Hər iki tərəfdən çıxışlar zamanı tarixi-mədəni irsin qorunması istiqamətində həyata keçirilən layihələr və beynəlxalq əməkdaşlıq imkanları barədə məlumat verilib.

Görüşün əsas məqsədi iki qurum arasında uzunmüddətli əməkdaşlıq münasibətlərinin formalaşdırılması, mədəni irsin qorunması və təbliği sahəsində birgə fəaliyyət istiqamətlərinin müəyyənləşdirilməsi, eləcə də gələcək ortaq layihələrin həyata keçirilməsi imkanlarının müzakirəsi olub.

Beynəlxalq onlayn görüşlərin və elmi müzakirələrin təşkili, qarşılıqlı təcrübə mübadiləsinin aparılması, birgə tədbirlərin keçirilməsi, həmçinin tarixi-mədəni irsin qorunması və tanıdılması sahəsində əməkdaşlığa dair fikir mübadiləsi aparılıb.

Tərəflər gələcək əməkdaşlıq və birgə layihələrin həyata keçirilməsi istiqamətində qarşılıqlı maraq ifadə ediblər.