Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin təşkilatçılığı ilə ölkəmizə gələn və Qəbələ Uşaq Reabilitasiya Mərkəzinə yerləşdirilən ukraynalı uşaqlar uşaqlar üçün Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin tabeliyində olan Qəbələ Dövlət Tarix-Bədii Qoruğuna ekskursiya təşkil edilib.
Əvvəlcə qonaqlar qoruq ərazisindəki Qəbələ Arxeoloji Mərkəzinin sərgi salonu ilə tanış olublar. Onlara qoruq ərazisindəki qazıntılar zamanı tapılmış maddi-mədəniyyət nümunələri barədə ətraflı məlumat verilib.
Bildirilib ki, Qəbələ Dövlət Tarix-Bədii Qoruğu ərazisindən aşkar edilən bu eksponatlar mərkəzin laboratoriyasında tədqiq olunduqdan sonra sərgi salonunda ziyarətçilərə nümayiş etdirilir. Qeyd olunub ki, Qəbələ Arxeoloji Mərkəzi SEBA (Seul-Bakı) Azərbaycan-Koreya Mədəniyyət Mübadiləsi Assosiasiyasının təşəbbüsü və maliyyə dəstəyi ilə yaradılıb.
Mərkəzin akt zalında qonaqlar "Qafqaz Albaniyasının paytaxtı – Qəbələ" filminə baxıblar.
Daha sonra ukraynalı uşaqlar Qəbələ Dövlət Tarix-Bədii Qoruğunun qədim məkanları – "Qala" və "Səlbir" arxeoloji ərazilərini gəziblər. Onlara burada dövri olaraq aparılan qazıntılar, yerli və xarici mütəxəssislər tərəfindən aşkar edilən ictimai bina qalıqları, təsərrüfat quyuları, ocaq yerləri, qədim su xətləri və digər tapıntılar barədə geniş məlumat verilib.























