Qusar Rayon İcra Hakimiyyətinin dəstəyi və Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsinin (RMİ) Qusar rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin təşkilatçılığı ilə Nəriman Nərimanov adına Mədəniyyət və istirahət parkında “Oxu bayramı” keçirilib.
Bu barədə Quba-Xaçmaz RMİ məlumat yayıb.
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş tədbirdə rayon rəhbərliyi, idarə və müəssisələrin nümayəndələri, ziyalılar, müəllim və şagirdlər iştirak ediblər.
Əvvəlcə kitab, rəsm və əl işlərindən ibarət sərgilərə baxış keçirilib.
Çıxışlarda kitabın və mütaliənin gənc nəslin maariflənməsində, milli-mənəvi dəyərlərin qorunmasında mühüm rolu vurğulanıb.
Tədbir çərçivəsində intellektual və hərbi-idman yarışlarında fərqlənən şagirdlər mükafatlandırılıb.
Bədii hissədə məktəblilər tərəfindən şeirlər səsləndirilib, musiqi və rəqs nömrələri təqdim olunub. Tədbir iştirakçılar tərəfindən maraqla qarşılanıb.
***
Quba-Xaçmaz RMİ-nin Şabran rayon Mərkəzi Kitabxanasında da “Oxu bayramı” keçirilib.
“Kitab ağılın qidası, ruhun yol yoldaşıdır” adlı tədbirdə mədəniyyət işçiləri, yerli yazarlar, ziyalılar, 2 nömrəli tam orta məktəbin müəllim və şagirdləri iştirak ediblər.
Tədbir çərçivəsində Ümummilli lider Heydər Əliyevə və şəhidlərə həsr olunmuş, məktəblilər tərəfindən hazırlanmış əl işlərindən və müxtəlif kitab nümunələrindən ibarət sərgilər nümayiş etdirilib.
Məktəblilərin, bədii qiraətçilərin və musiqiçilərin ifasında təqdim olunan şeirlər, mahnılar və rəqs nömrələri tədbirə rəng qatıb.
Sonda Şabran rayon Mərkəzi Kitabxanasının direktoru iştirakçılara təşəkkürünü bildirib.
























