Azərbaycanda səfərdə olan İrlandiyanın Tirinti Universitetinin professoru, tarix elmləri doktoru Patrik Uolş və Böyük Britaniya Kral Cəmiyyətinin üzvü, fəlsəfə üzrə fəlsəfə doktoru Nil Uotson Gəncədə dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin məqbərəsini ziyarət ediblər.

Bu barədə AMEA-nın Media və informasiya şöbəsindən məlumat verilib.

AMEA-nın Azad Həmkarlar İttifaqının sədri, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Sənan Həsənov qonaqlara Gəncə şəhərinin tarixindən, Azərbaycan Xalq Cümhuriyyətinin ilk paytaxt şəhəri olmasından bəhs edib. 

AMEA Gəncə Bölməsinin elmi işlər üzrə sədr müavini, filologiya üzrə fəlsəfə doktoru dosent Əlimuxtar Muxtarov Türk dünyasının böyük mütəfəkkiri Nizami Gəncəvinin bəşəri dəyərləri dünya miqyasında təmsil və təbliğ edən dahi bir sənətkar olduğunu qonaqların diqqətinə çatdırıb, Azərbaycan nizamişünaslığının və dahi şairin məqbərəsinin tarixindən söhbət açıb. 

Qonaqlar da öz növbələrində Avropada Nizami irsinin XVII əsrdən öyrənilməyə başlandığını deyib, Nizami Gəncəvinin tədqiqatçısı olan hər bir xarici ölkə aliminin həyatında bir dəfə də olsa, Gəncəni - Nizami Gəncəvi məqbərəsini ziyarət etməsinin zəruriliyini qeyd ediblər: “Nizaminin Vətəni, məqbərəsi insanda elə duyğular formalaşdırır ki, sanki bu sehrli, müqəddəs məkanda Nizami özü səninlə danışır”.

Səfər çərçivəsində qonaqlar Gəncə şəhərində Heydər Əliyev Fondunun dəstəyi ilə inşa olunan Nizami Gəncəvi Muzeyini ziyarət edərək, böyük Azərbaycan şairinin burada sərgilənən əlyazmaları ilə də tanış olublar.