AMEA Folklor İnstitutunun Elmi şurasının qərarına əsasən, görkəmli sənətkar Mikayıl Azaflının 100 illik yubileyinə həsr olunmuş “Aşıq sənətində milli-mənəvi dəyərlər” mövzusunda beynəlxalq elmi simpoziumun materialları toplu şəklində nəşr edilib.
Topluda AMEA Folklor İnstitutunun təşkilatçılığı ilə keçirilmiş beynəlxalq elmi simpoziumun materialları, ümumilikdə 35 elmi məruzə yer alıb. Burada Azərbaycan və ümumtürk aşıq sənətinin müxtəlif istiqamətləri, aşıq yaradıcılığının poetik strukturu, janr xüsusiyyətləri, ifa ənənələri, regional aşıq mühitlərinin spesifikası, eləcə də Mikayıl Azaflı irsinin ədəbi-mədəni və ideoloji aspektləri geniş şəkildə təhlil olunur.
Araşdırmalarda həm klassik aşıq sənəti nümunələrinin, həm də müasir mərhələdə bu ənənənin davamlılıq problemlərinin müqayisəli şəkildə öyrənilməsinə diqqət yetirilir. Eyni zamanda, aşıq poeziyasında milli-mənəvi dəyərlərin təcəssümü, sosial-mədəni yaddaşın qorunması və folklorun müasir elmi interpretasiyası kimi məsələlər ön plana çıxarılır.
Kitabın elmi redaktoru filologiya elmləri doktoru, dosent Hikmət Quliyev, tərtibçiləri isə filologiya üzrə fəlsəfə doktoru, dosent İlhamə Qəsəbova, filologiya üzrə fəlsəfə doktoru Şəhla Hüseynli və filologiya üzrə fəlsəfə doktoru Sürəyya Əlizadədir.



















