AMEA Folklor İnstitutunun Rəqəmsal folklor və süni intellekt şöbəsi tərəfindən hibrid formatda elmi seminar keçirilib.

Bu barədə institutdan məlumat verilib.

Seminarda giriş sözü söyləyən Folklor İnstitutunun direktoru filologiya elmləri doktoru Hikmət Quliyev müasir dövrdə rəqəmsal texnologiyaların humanitar elmlərin müxtəlif sahələrinə, xüsusilə folklorşünaslıq tədqiqatlarına göstərdiyi təsirdən bəhs edib. O, folklorun rəqəmsal mühitdə yalnız qorunub saxlanılmadığını, eyni zamanda, yeni semantik məzmun, təqdimat formaları və kommunikativ imkanlar qazandığını vurğulayıb. Hikmət Quliyev bildirib ki, ənənəvi mədəni irsin virtual məkanda yenidən istehsalı və dövriyyəyə daxil olması folklorun dinamik təbiətini, dəyişən sosial-mədəni şəraitə adaptasiya imkanlarını və qlobal informasiya məkanında yaşarlılığını nümayiş etdirir. Direktor təqdim olunan məruzənin müasir folklor proseslərinin elmi-nəzəri aspektlərinin araşdırılması baxımından aktual olduğunu diqqətə çatdırıb.

Sonra şöbənin kiçik elmi işçisi Cəmilə Novruzova “İnternet folkloru kontekstində xınayaxdı mərasimi: ənənəvi və virtual mühitdə” mövzusunda məruzə ilə çıxış edib. Məruzədə müasir informasiya texnologiyalarının və internet mühitinin folklorun yaşama və yayılma formalarına təsiri məsələləri araşdırılıb, internet folklorunun ənənəvi folklorun yeni şəraitdə davamı kimi formalaşdığı qeyd olunub. Bildirilib ki, rəqəmsal kommunikasiya vasitələri folklor nümunələrinin daha geniş auditoriyalara çatdırılmasına, onların yeni forma və məzmun qazanmasına imkan yaradır. Məruzədə internet və qlobal mədəniyyətin təsiri altında xınayaxdı mərasiminin keçirdiyi transformasiya prosesləri araşdırılıb. Vurğulanıb ki, son illərdə sosial şəbəkələrin təsiri ilə “Henna Party” adı altında yayılan yeni təqdimat formaları ənənəvi mərasimin bir sıra elementlərini qorumaqla yanaşı, ona yeni estetik və vizual xüsusiyyətlər qazandırıb. Bu proses nəticəsində mərasim ailədaxili və lokal çərçivədən çıxaraq rəqəmsal mühitdə geniş auditoriyaya təqdim olunan mədəni hadisəyə çevrilib.

Məruzədə ənənəvi xınayaxdı ilə müasir “Henna Party” mərasimi müqayisə olunub, onların iştirakçı tərkibi, ritual elementləri, folklor mətnləri, musiqi və təqdimat formalarındakı dəyişikliklər təhlil edilib. Eyni zamanda, mövzu ilə bağlı keçirilmiş sorğunun nəticələri təqdim olunaraq müasir xınayaxdı mərasimlərinə cəmiyyətin münasibəti və sosial media təsirləri barədə məlumat verilib. Qeyd olunub ki, ənənəvi xınayaxdı ilə müasir “Henna Party” arasındakı əlaqə folklorun davamlılıq və dəyişmə prinsiplərinin qarşılıqlı vəhdətdə təzahürünün nümunəsi kimi dəyərləndirilə bilər.

Sonra məruzə ətrafında müzakirələr aparılıb.

AMEA Rəyasət Heyətinin elmi katibi, Folklor İnstitutunun aparıcı elmi işçisi filologiya elmləri doktoru Səfa Qarayev çıxışında müasir toy mərasimlərində müşahidə olunan transformasiya proseslərinin nəzəri aspektlərinə toxunub. O, internet və rəqəmsal mühitin mərasimlərin təqdimatına və yayılmasına təsir göstərdiyini, lakin bu təsirlərin hər bir konkret kontekst daxilində ayrıca təhlil edilməsinin vacibliyini qeyd edib.

AMEA Rəyasət Heyəti Aparatının Elm və təhsil şöbəsinin müdiri, Folklor İnstitutunun aparıcı elmi işçisi, filologiya elmləri doktoru Sərxan Xavəri mədəniyyətin diaxron inkişaf modelinə diqqət çəkərək müxtəlif tarixi dövrlərə, inanclara və sosial təcrübələrə aid elementlərin zamanla bir-birinə əlavə olunaraq vahid mədəni sistem formalaşdırdığını bildirib. O, xınayaxdı mərasimi kimi ritual nümunələrinin mədəni sistemin nüvə elementləri kimi çıxış etdiyini, onların rəqəmsal mühitə daşınmasının isə yeni mədəni tendensiyaların və transformasiya proseslərinin meydana çıxmasına şərait yaratdığını vurğulayıb. 

İnstitutun Türk xalqları folkloru şöbəsinin baş elmi işçisi professor Almaz Həsənqızı xınayaxdı mərasimlərinin folklor və etnoqrafik xüsusiyyətlərinə toxunaraq bu sahədə apardığı uzunmüddətli müşahidə və tədqiqatların nəticələrini seminar iştirakçıları ilə bölüşüb. O qeyd edib ki, ənənəvi xınayaxdı mərasimləri yalnız haxışta və nəğmələrdən ibarət olmayıb, eyni zamanda, qadınlar tərəfindən icra olunan müxtəlif oyun-tamaşa formalarını, qarşılıqlı deyişmələri və dramatik səhnələri də özündə ehtiva edib. Professor xüsusilə qadınların müxtəlif sosial rollara girərək nümayiş etdirdikləri tamaşaların mərasimin mühüm komponentlərindən biri olduğunu vurğulayıb və bu materialların folklorun performativ xüsusiyyətlərinin öyrənilməsi baxımından əhəmiyyətini qeyd edib.

Folklor İnstitutunun əməkdaşı Afaq Mustafayeva, institutun dissertantı Ülkər Yusifova və filologiya üzrə fəlsəfə doktoru Günay Yusifzadə çıxışlarında mövzunun aktuallığını vurğulayaraq ənənəvi mərasimlərin rəqəmsal mühitdə keçirdiyi transformasiya proseslərinin müasir folklorşünaslıq üçün mühüm tədqiqat istiqamətlərindən biri olduğunu qeyd ediblər.

Məruzə ilə bağlı müxtəlif təklif və qeydlər səsləndirilib, mövzunun gələcək tədqiqatlar üçün geniş perspektivlər açdığı bildirilib.