İrəvan Dövlət Azərbaycan Dram Teatrında Mirzə Fətəli Axundzadənin “Sərgüzəşti-vəziri-xani-Lənkəran” komediyası əsasında hazırlanan yeni tamaşanın daxili baxışı keçiriləcək.

Bu barədə teatrdan məlumat verilib.

Bildirilib ki, teatrın baş rejissoru Gümrah Ömərin quruluş verdiyi səhnə əsərində Azərbaycan dramaturgiyasının klassik nümunələrindən biri müasir baxış prizmasından təqdim olunur. Quruluşçu rejissorun yozumunda hadisələrin mərkəzində dayanan Vəzir obrazı ənənəvi təsəvvürlərdən fərqli şəkildə şərh edilir. Tamaşada o, zəif və hadisələrin axarında sürüklənən bir şəxs deyil, prosesləri öncədən hesablayan, hakimiyyət uğrunda mübarizənin görünməyən tərəflərini idarə edən siyasi fiqur kimi təqdim olunur.

Quruluşçu rejissorun fikrincə, əsərdə baş verən hadisələr təsadüflər zənciri deyil. Xanlığın taleyini dəyişən proseslər, Teymur ağanın hakimiyyətə gəlişi, obrazlar arasında formalaşan münasibətlər vahid və düşünülmüş planın tərkib hissəsi kimi görünür. Bu baxımdan tamaşa hakimiyyət, məsuliyyət, mənəvi seçim və siyasi uzaqgörənlik mövzularına yeni rakursdan yanaşır.

Səhnə əsərində Axundzadənin qaldırdığı ailə, əxlaq, riyakarlıq və şəxsi maraqlar kimi məsələlər bu gün də aktuallığını qoruyan ictimai problemlər kontekstində təqdim edilir. Dinamik hadisələr, gözlənilməz situasiyalar və komediya janrının imkanları tamaşaçıya klassik əsərə fərqli nəzərlə baxmaq imkanı yaradır.

Dövlət sifarişi ilə hazırlanan tamaşanın bəstəkarı Azər Hacıəsgərli, quruluşçu rəssamı Umay Həsənova, rejissor assistenti Ülvi Məmmədlidir. Tamaşanın plastik həlli Anar Mikayılova məxsusdur.

Daxili baxışdan sonra səhnə əsərinin yaxın günlərdə tamaşaçılara təqdim olunması nəzərdə tutulur.