Şirvan şəhər Uşaq musiqi məktəbinin təşkilatçılığı ilə 1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunan “Uşaqlar bizim gələcəyimizdir” adlı konsert proqramı keçirilib.

Bu barədə Şirvan-Salyan Regional Mədəniyyət İdarəsindən (RMİ) məlumat verilib.

Tədbirdə Şirvan-Salyan RMİ-nin rəisi Araz Əlizadə, idarənin əməkdaşları, şəhər ictimaiyyətinin nümayəndələri, məktəbin müəllim və şagird kollektivi iştirak edib.

Şirvan-Salyan Regional Mədəniyyət İdarəsinin rəisi Araz Əlizadə və YAP Şirvan şəhər təşkilatının sədri Zahir Qəhrəmanov uşaqları bayram münasibətilə təbrik edərək ölkəmizdə uşaqların hərtərəfli inkişafı, təhsili və sosial rifahının təmin olunmasına göstərilən dövlət qayğısından danışıblar.

Çıxışlarda gənc nəslin yaradıcılıq potensialının üzə çıxarılması, milli-mənəvi dəyərlər ruhunda formalaşdırılması və istedadlarının dəstəklənməsi istiqamətində həyata keçirilən tədbirlərin əhəmiyyəti vurğulanıb.

Konsert proqramında məktəbin müəllim və şagirdlərinin ifasında rəngarəng musiqi nömrələri təqdim olunub.

Konsertin təşkilində fəallığı və uğurlu çıxışları ilə fərqlənən bir qrup müəllim fəxri fərmanlarla təltif edilib.