Byörn Veqqe: Son otuz ildə Azərbaycanda keçirdiyim vaxtı nağıllar diyarına möhtəşəm səyahət hesab edirəm 

Qafqaz Albaniyasının tarixi hələ də Cənubi Qafqazın keçmişinin ən maraqlı və az öyrənilmiş səhifələrindən biri olaraq qalır. Bu qədim dövlət əsrlər əvvəl yox olsa da, onun zəngin tarixi irsini xatırladan abidələr müasir Azərbaycan ərazisində günümüzə qədər gəlib çatıb. Onlardan biri Şəki yaxınlığındakı Kiş kəndindəki kilsədir. Kilsə uzun tarixi ərzində çiçəklənmə və tənəzzül dövrlərini yaşayıb və XXI əsrin əvvəllərində norveçli mütəxəssislərin fəal iştirakı ilə beynəlxalq layihə çərçivəsində tədqiq və bərpa edilib.

AZƏRTAC-ın Stokholmdakı (İsveç) xüsusi müxbiri Nərgiz Cəfərli Oslo Universitetinin (Norveç) tədqiqatçı alimi, qədim kilsə tarixi üzrə mütəxəssis və Kiş kilsəsinin bərpa layihəsinin ideya müəllifi Byörn Veqqe ilə bu abidənin əhəmiyyəti, bərpa işlərinin gedişi və Qafqaz Albaniyasının irsi haqqında söhbət edib.

Norveçli alim müsahibəsində qədim məbədin tədqiq və bərpası ilə bağl ı əməkdaşlıqdan irəli gələn mədəni layihə - Azərbaycan musiqiçiləri ilə əməkdaşlıqda yazılmış “Landet vi kommer fra” (“Bizim gəldiyimiz ölkə”) musiqi albomundan da bəhs edib.

Müsahibəni təqdim edirik.

– Cənab Veqqe, Azərbaycana bir neçə dəfə səfər etmisiniz. Zəhmət olmasa, ölkəyə ilk səfəriniz barədə danışardınız.

– Mən ilk dəfə Azərbaycana 1994-cü ilin qışında səfər etmişəm. İrana səyahətim zamanı Qırmızı Aypara humanitar təşkilatı tərəfindən qonşu Azərbaycanın müharibədən zərər çəkmiş sərhəd bölgələrini ziyarət etməyə dəvət olunmuşdum. Həmin vaxt ölkə, əsasən İmişli və Saatlı rayonlarında, Araz çayının şimalında çadır düşərgələrində yerləşdirilmiş çoxlu sayda məcburi köçkünün evlərini tərk etməsi səbəbindən ciddi humanitar böhran yaşayırdı.

Bu səfər əsnasında yerli hakimiyyət orqanlarından böhranla bağlı Azərbaycana kömək etmək üçün Norveç humanitar təşkilatları ilə əlaqədar xahişlər aldım.

Norveçdə təmsil etdiyim Norveç Humanitar Müəssisəsi (NHE) bu dəvəti qəbul etdi və 1994-cü ilin yayında Gəncədə fəaliyyətə başladı. Orada şəhərin bir neçə rayonunda məcburi köçkünlər arasında humanitar iş aparan peşəkar tibbi təcili yardım qrupu yaradıldı. Bu əməkdaşlıq 2010-cu ilə qədər davam etdi. O vaxtdan bəri Azərbaycana bir neçə dəfə səfər etmişəm.

 

– Kişdəki qədim Alban kilsəsinin bərpasına verdiyiniz töhfəni xüsusi qeyd etmək lazımdır. Bu layihə necə başladı?

– 1995-ci ilin mart ayında Azərbaycana səfərim zamanı ilk dəfə qədim və heyrətamiz dərəcədə gözəl Şəki şəhərinə baş çəkdim. Təsadüfən Şəki Tarix Muzeyini ziyarətim əsnasında arxeoloq və muzeyin direktoru Nəsib Muxtarov məni şəhərin şimalında yerləşən Kiş kəndinə dəvət etdi.

Səfərin məqsədi Azərbaycanın ən qədim məbədini ziyarət etmək idi. Kişdəki kiçik bir daş kilsə möcüzəvi şəkildə dağıntıdan xilas olmuşdu. O, yüz ildən çoxdur ki, istifadə olunmamışdı və son dərəcə bərbad vəziyyətə düşmüşdü, demək olar ki, xarabalığa çevrilmək üzrə idi.

Kilsə və erkən xristianlıq tarixi üzrə ixtisaslaşmış tədqiqatçı olaraq, kökləri Azərbaycanın qədim tarixinə gedib çıxan unikal bir abidənin qarşısında dayandığımı dərhal anladım.

Bu səfərdən sonra ölkənin Qafqaz Albaniyası tarixi üzrə aparıcı mütəxəssisi, professor Fəridə Məmmədova ilə görüşdüm. Onun tədqiqatları Azərbaycanın çoxşaxəli, zəngin qədim və müasir tarixini anlamağımda həlledici rol oynadı.

Ən vacib mərhələlərdən biri memar və tarixçi Davud Axundovla, eləcə də sonradan Kişdə layihəyə rəhbərlik edən Azərbaycan Memarlıq və İnşaat Universitetinin professoru və rektoru Gülçöhrə Məmmədova ilə görüşmək oldu.

Sonradan Əməkdar memar Səbinə Hacıyeva (hazırda Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi – red.) layihəyə qoşuldu. Kişdəki kilsə üçün gələcək arxeoloji və bərpa layihəsinin təməli məhz bu mütəxəssislərlə əməkdaşlıq şəraitində qoyulub.

Bərpa işləri 2003-cü ildə başa çatdı. Kilsənin təntənəli açılışı həmin ilin sentyabr ayında baş tutdu. Mən də həyat yoldaşımla birlikdə bu mühüm tarixi və mədəni tədbirə dəvət olunmuşdum.

 

– Sonradan Kişdəki kilsə layihəsi dünyaca məşhur norveçli tədqiqatçı Tur Heyerdalın diqqətini cəlb etdi. Zəhmət olmasa, onun bu layihə ilə hansı əlaqəsi olması barədə məlumat verərdiniz.

– Norveçli səyyah və tədqiqatçı Tur Heyerdal ilə uzunmüddətli münasibətlərim Azərbaycanla bağlı işimin vacib hissəsinə çevrilib. Doktor Heyerdal ilə tanışlığım 1980-ci illərə təsadüf edir. 1990-cı illərin sonlarında ünsiyyətimiz gücləndi, onun Azərbaycana və Qafqaza marağı xeyli artdı.

Zaman keçdikcə, Heyerdal Azərbaycandakı işlərimi yaxından izləməyə başladı və Qafqaz tarixinə olan həvəsimi bölüşdü. Mən ona Norveç və ingilis dillərində nəşr olunmuş “Azərbaycan – Şərqin Qərblə görüşdüyü yer” kitabımı göndərdim. Xüsusilə, 1994-cü ilin payızında Qəbələ rayonunun Nic kəndində ilk dəfə tanış olduğum udilərə həsr olunmuş fəsil onda xüsusi təəssürat yaratdı. İllər sonra bu mövzu işimin vacib hissəsinə çevrildi.

Heyerdal yenidən Azərbaycana səfər etmək arzusunu bildirdi, səyahətin təşkilində və ölkənin elmi ictimaiyyətinin nümayəndələri ilə əlaqələrin qurulmasında ona kömək etməyimi xahiş etdi. O vaxt Tur Heyerdalın artıq 86 yaşı var idi. Həm yaş amili, həm də sağlamlığı səbəbindən səyahətə mümkün qədər tez getmək istəyirdi. 2000-ci ilin payızında birlikdə Azərbaycana səyahət etmək barədə razılığa gəldik. Lakin səfərdən bir müddət əvvəl həyat yoldaşım xəstələndi və mən onu müşayiət edə bilmədim. Buna baxmayaraq, həmin səfəri və ona kömək edə biləcək alim və mütəxəssislərlə görüşləri təşkil etdim.

Daha əvvəl, 2000-ci ilin yayında Tur Heyerdal və mən Norveç auditoriyasına qarşıdan gələn səfər və Azərbaycanın qədim tarixinə olan marağı barədə mühazirələr oxuduq.

Elə həmin il doktor Heyerdal Azərbaycan və Gürcüstana səfəri zamanı Norveç dövlətinin dəstəyi ilə arxeoloji tədqiqatların və bərpa işlərinə hazırlıqların aparıldığı Kişdəki kilsəni də ziyarət etdi.

Tur Heyerdalın Azərbaycana səfəri böyük uğurla keçdi. Onun müşahidələri və düşüncələri sonradan 2001-ci ildə nəşr olunmuş “Odinin axtarşında: Keçmişimizin izləri ilə” (“Jakten på Odin – På sporet av vår fortid”) kitabında öz əksini tapdı. Bu kitabda erkən orta əsrlərdə Norveç vikinqləri, Qafqaz və udi xalqı arasında mümkün əlaqələr təhlil olunub.

Tur Heyerdal 2002-ci ilin oktyabrında 87 yaşında vəfat etdi. Həmin kitab yazıçı və tədqiqatçı kimi onun uzun karyerasının son əsəri idi.

 

– Azərbaycanla tanışlığınızın ən qeyri-adi nəticələrindən biri “Bizim gəldiyimiz ölkə” musiqi albomu idi. Bu layihənin ideyası necə yarandı?

– 1994-cü ildə Azərbaycana ikinci səfərim zamanı ölkənin müxtəlif peşəkar və akademik dairələrinin nümayəndələri ilə, o cümlədən bəstəkar və musiqiçi Qalib Məmmədov və onun həyat yoldaşı Sevda xanımla görüşdüm. Qalib Məmmədov Azərbaycanın musiqi, bədii və akademik mühitinə yaxşı bələd idi. Onun vasitəsilə Gəncə və Bakı universitetləri ilə əlaqəli bir qrup alimlə, eləcə də Bakı Musiqi Akademiyasının, Azərbaycan Dövlət Simfonik Orkestrinin nümayəndələri və teatr və rəssamlıq sənayesinin aparıcı simaları ilə tanış oldum.

Qaliblə söhbətlərimiz zamanı iki ölkə arasında mədəni mübadilə və yaradıcı əməkdaşlıq forması olaraq, Azərbaycan və Norveçdən olan musiqiçiləri və mədəniyyət xadimlərini cəlb edən birgə musiqi layihəsinin yaradılması imkanlarını müzakirə etdik.

Azərbaycana növbəti səfərim zamanı dostum və peşəkar musiqiçi Per Oddvar Hildreni mənə qoşulmağa dəvət etdim. O, təkcə Norveçdə deyil, həm də bütün Skandinaviyada aparıcı xor dirijorlarından və tanınmış musiqiçilərdən biri idi.

Tezliklə Norveçin Skurk xoru və Azərbaycandan olan ifaçılar və musiqiçilərin iştirakı ilə unikal bir layihə üzərində iş başladı. Əməkdaşlıq çox uğurla inkişaf etdi və 1997-ci ilin payızında "Landet vi kommer fra" ("Bizim gəldiyimiz ölkə") albomu çıxdı.

Azərbaycan tərəfindən bu layihədə Siyavuş Kərimi, Həsənağa Sadıqov, Elşən Sadıqov, Şəfiqə Eyvazova, İlqar Muradov, Rəşad Həşimov və Brilyant Dadaşova kimi tanınmış musiqiçilər və ifaçılar iştirak etdi.

Layihəyə "La den brenne" mahnısını və alboma daxil olan musiqi aranjemanlarını da yazan bəstəkar Qalib Məmmədov rəhbərlik etdi.

Layihədə ancaq Azərbaycan melodiyalarından istifadə olunmuşdu, mahnıların sözləri isə Azərbaycan folkloruna, yerli nağıl ənənələrinə və ölkənin tarixi irsinə əsaslanırdı.

Albom 1997-ci ilin fevral ayında Rafiq Babayevin Bakıdakı studiyasında yazılıb, işıq üzü gördükdən sonra həm Azərbaycanda, həm də Norveçdə böyük uğur qazanıb.

 

– Maraqlı söhbət üçün təşəkkür edirəm.

– Sizə də müsahibəyə görə minnətdaram. Həmçinin son 32 ildə Azərbaycandakı dostlarıma dərin minnətdarlığımı bildirmək istərdim. Xüsusilə bəstəkar Qalib Məmmədova, onun həyat yoldaşı Sevda xanıma, onların çoxsaylı dostlarına və həmkarlarına ölkəni, onun xalqını və mədəniyyətini, eləcə də Şərq və Qərbin, Avropa və Asiyanın kəsişməsində yerləşən Qafqazın unikal geosiyasi məkanını tanıdığım üçün mənə etdikləri köməyə, dəstəyə və ilhama görə minnətdarlığımı bildirmək istərdim.

1903-cü ildə norveçli yazıçı və Nobel mükafatı laureatı Knut Hamsun 1899-cu ildə Sankt-Peterburqdan Rusiya və Qafqaz vasitəsilə Bakıya səyahətinə əsaslanan “Nağıllar diyarında” (“I Æventyrland”) adlı səyahətnamə nəşr etdirdi. Bu kitabın adını götürüb səyahətlərimi, Qafqazda və Azərbaycanda keçirdiyim illəri nağıllar diyarına böyük həyat səyahətim adlandıracağam.

 

Mənbə: AZƏRTAC