Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında Xalq şairi, yazıçı-publisist Söhrab Tahirin (Söhrab Əbülfəz oğlu Tahiri; 27.5.1926 – 4.5.2016) 100 illik yubileyi münasibətilə elektron məlumat bazası hazırlanaraq istifadəçilərə təqdim edilib.
Kitabxanadan bildirilib ki, elektron məlumat bazası şairin çoxşaxəli yaradıcılığının geniş şəkildə təqdim olunması məqsədilə hazırlanıb. Resurs ədibin həyat və fəaliyyətini əhatə edən müxtəlif bölmələrdən ibarətdir. Elektron topluda Söhrab Tahirin müəllifi olduğu kitablar, ön söz yazdığı nəşrlər, redaktoru olduğu əsərlər, müxtəlif illərdə qələmə aldığı məqalələr ayrıca bölmələrdə toplanıb. Eyni zamanda, şairin yaradıcılığı haqqında yazılmış kitablar və dövri mətbuat nümunələri də məlumat bazasına daxil edilib.
Elektron məlumat bazası kitabxananın rəsmi saytında yerləşdirilib.
***
Milli Kitabxanada isə Xalq şairi Söhrab Tahirin 100 illiyinə həsr olunan “Xalq şairi Söhrab Tahir – 100” adlı kitab sərgisi təşkil edilib.
Kitabxanadan verilən məlumata görə, sərgidə şairin əsərləri, tərcümələri, həyat və yaradıcılıq yolu haqqında ədəbiyyat, dövri mətbuat materialları yer alıb.





















