Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında yazıçı-dramaturq, Əməkdar incəsənət xadimi Əli Əmirlinin "Kişi və qadın" əsəri əsasında eyniadlı tamaşanın məşqləri başlanıb.

Bu barədə teatrdan məlumat verilib.

Abbas Mirzə Şərifzadə adına səhnədə (Akademik Milli Dram Teatrının kiçik səhnəsi) nümayiş olunacaq tamaşanın quruluşçu rejissor Vüqar Məmmədov, səhnə tərtibatçısı Eldar Nağıyev, geyim üzrə rəssamı Rəmziyyə İsmayılova, musiqi tərtibatçısı Kamil İsmayılov, işıq üzrə rəssamı Rafael Həsənov, rəqs üzrə quruluşçu Lalə Hacıyeva, rejissor assistenti Ceyran Başarandır.

Akademik Milli Dram Teatrının direktoru Əməkdar mədəniyyət işçisi İlham Əsgərov yeni səhnə işinin yaradıcı heyətinə uğurlar arzulayıb.

Tamaşada Ramin Şıxəliyev, Vüsal Mustafayev və Samirə Xanlarova rol alıblar.

Uzun müddətdən bəri ailə bünövrəsi uçurum təhlükəsində olan ər və xanımının bir-birinə yad olması, ünsiyyətin mənən, həm də sevgi və hörmət baxımından itməsi və nikahlarının rəmzi olaraq davam etməsi səhnə əsərinin süjetini təşkil edir.

Qeyd edək ki, Əli Əmirlinin "Kişi və qadın" əsəri bundan öncə Mingəçevir, Qazax teatrlarında, eləcə də Azərbaycan Teatr Xadimləri İttifaqında səhnə həyatı qazanıb.