Mayın 22-də Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsinin (RMİ) tabeliyində fəaliyyət göstərən Gəncə şəhər Fikrət Əmirov adına 1 nömrəli Uşaq musiqi məktəbində Beynəlxalq Muğam Mərkəzinin direktoru Əməkdar artist, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent, Özbəkistanın Mədəniyyət elçisi, Özbəkistan Dövlət İncəsənət və Mədəniyyət İnstitutunun fəxri professoru Sahib Paşazadə ilə yaradıcı görüş təşkil olunub.
Tədbirdə Gəncə-Daşkəsən RMİ-nin əməkdaşları, musiqi məktəbinin müəllim və şagirdləri iştirak ediblər.
Əvvəlcə Sahib Paşazadə Azərbaycanın ilk musiqi təhsili ocaqlarından biri olan, 103 illik tarixə malik məktəblə tanış olub, xatirə kitabına ürək sözlərini yazıb.
Görüşdə Sahib Paşazadənin sənət yolunu, yaradıcılıq fəaliyyətini və beynəlxalq layihələrdə iştirakını əks etdirən qısa film nümayiş olunub.
Nümayişdən sonra tarzənin yaradıcılıq yolundan söz açılıb. Müəllim və şagirdlər tarzənə sənətə gəlişi, müxtəlif ölkələrdə keçirilən beynəlxalq festivallarda iştirakı, xüsusən də Özbəkistanda keçirilən “Şərq təranələri” Beynəlxalq Musiqi Festivalı və Portuqaliyada təşkil edilən “Womex” – Dünya Musiqi Exposunda iştirakı, ölkəmizdə təşkil edilən muğam müsabiqələri ilə bağlı suallar ünvanlayıblar.
Sahib Paşazadə milli musiqimizin inkişafı, muğam sənətinin beynəlxalq aləmdə tanıdılması istiqamətində görülən işlərdən danışıb. O, müxtəlif ölkələrdə keçirilən beynəlxalq festivallarda iştirakı ilə bağlı təəssüratını bölüşüb, Azərbaycan musiqisinin xarici auditoriya tərəfindən maraqla qarşılanmasından bəhs edib. Tarzən gənc musiqiçilərə sənət yolunda daim öz üzərlərində çalışmaları, milli musiqi irsimizi dərindən öyrənmələri ilə bağlı tövsiyələr verib.
Görüş zamanı Sahib Paşazadənin yetirməsi, hazırda məktəbdə pedaqoq kimi çalışan Tural Əliyev öz ifasını nümayiş etdirib.
Daha sonra görüş ustad dərsi ilə davam edib. Sahib Paşazadə Azərbaycan tar ifaçılığı ənənələri, tar sənətinin inkişaf mərhələləri, muğamların və bəstəkar əsərlərinin ifa xüsusiyyətləri barədə ətraflı məlumat verib. O, tarda Azərbaycan muğamlarından nümunələr ifa edərək, alətin düzgün tutulma qaydaları və çalğı ştrixləri haqqında danışıb.
Sonda Gəncə-Daşkəsən RMİ-nin rəisi Nail Məmmədovun və məktəbin direktoru Oqtay Şərifovun adından Sahib Paşazadəyə “Təşəkkürnamə” təqdim olunub.


























