Mayın 21-də Milli Kitabxanada “Şəhərsalma və Memarlıq İli” mövzusunda elektron məlumat bazasının (Azərbaycan və ingilis dillərində) təqdimat mərasimi keçirilib.

Milli Kitabxananın direktoru professor Kərim Tahirov tədbiri açaraq şəhərsalma və memarlıq sahəsinin ölkənin sosial-iqtisadi inkişafında mühüm rol oynadığını vurğulayıb. Bildirib ki, son illərdə Azərbaycanda həyata keçirilən genişmiqyaslı quruculuq və abadlıq layihələri şəhərlərin müasir simasının formalaşmasına və infrastrukturun inkişafına mühüm töhfə verir.

Qeyd olunub ki, işğaldan azad edilmiş ərazilərdə tarixi və dini abidələrin bərpası, yeni yaşayış məntəqələrinin salınması Azərbaycanın memarlıq ənənələrinin qorunması ilə yanaşı, regionun davamlı inkişafına da xidmət edir. Qarabağda və Şərqi Zəngəzurda həyata keçirilən quruculuq işləri yalnız infrastruktur layihələri deyil, həm də milli-mədəni irsin yenidən dirçəldilməsi və gələcək nəsillərə ötürülməsi baxımından böyük əhəmiyyət kəsb edir.

Təqdimat zamanı bildirilib ki, elektron məlumat bazası şəhərsalma və memarlıq sahəsində mövcud olan zəngin informasiya resurslarının sistemli şəkildə istifadəçilərə çatdırılması məqsədini daşıyır. Azərbaycan və ingilis dillərində tərtib edilən elektron toplu əcnəbi tədqiqatçıların da ölkəmizin memarlıq irsi və şəhərsalma siyasəti haqqında daha geniş məlumat əldə etməsinə imkan yaradacaq.

Milli Kitabxananın əməkdaşları tərəfindən hazırlanan elektron məlumat bazası ilə bu linkdə tanış olmaq olar: https://anl.az/el/emb/Sehersalma_ve_Memarliq/index.htm