Qazaxıstanda dahi Azərbaycan şairi Nizami Gəncəvinin xanımı – qıpçaq qızı Afaq (Appak) haqqında opera səhnəyə qoyulub.
21-22 may tarixlərində “Astana Opera” Teatrında nümayiş olunan opera Qabit Musrepovun “Qıpçaq qızı Appak” dramı əsasında hazırlanıb.
Operanın musiqisini Qazaxıstanın Əməkdar incəsənət xadimləri, bəstəkarlar Serikjan və Alibi Abdinurovlar yazıblar. Libretto müəllifi Tleuqazi Beisembek, quruluşçu rejissor Mixail Pandjavidze (Rusiya), tamaşanın musiqi rəhbəri Qazaxıstanın Xalq artisti Abzal Muxitdindir.
Libretto Nizami Gəncəvi ilə Dərbənd hökmdarı tərəfindən ona hədiyyə edilən qıpçaq gözəli Appakın (Afaq) sevgi hekayəsinə əsaslanır. Appak təkcə Nizaminin həyat yoldaşı deyil, həm də onun ilham pərisi olub və söz ustasını dünya poeziyası xəzinəsinin bir hissəsinə çevrilmiş valehedici qadın obrazları yaratmağa ilhamlandırıb.
Operanın qəhrəmanları sınaqlardan keçməli, paxıllığa, xəyanətə və hiyləyə üstün gəlməlidirlər. Finalda xeyirxahlıq və sevgi qələbə çalır: Nizaminin səxavəti, Appakın ruhunun saflığı və Dərbənd hökmdarının müdrikliyi qonşu xalqlar arasındakı münaqişəyə son qoymağa kömək edir.
İki pərdə və doqquz səhnədən ibarət olan opera 2 saat 40 dəqiqə davam edir.
Qeyd edək ki, operanın premyerası (21 may) Qazaxıstanda mədəniyyət və incəsənət işçilərinin peşə bayramına təsadüf edib. Premyeraya türk respublikalarının opera və balet teatrlarının rəhbərləri də qatılıblar.


























