Mədəni irsin qorunması təkcə mədəni məsələ deyil, həm də ümumbəşəri humanitar məsuliyyətdir və davamlı inkişafla sabitliyin əsas sütunlarından biridir.
Mədəniyyət nazirinin müavini Fərid Cəfərov Dünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində mayın 21-də keçirilən "SECURE Model" – Münaqişədən sonrakı şəhərlərin davamlı və gücləndirici mədəni canlanması" adlı paneldə çıxışı zamanı belə deyib.
O bildirib ki, Azərbaycanın ərazi bütövlüyünün tam bərpasından sonra Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə genişmiqyaslı bərpa proqramına start verilib. O cümlədən “Böyük Qayıdış” Proqramı çərçivəsində Qarabağ və Şərqi Zəngəzura dönüş həyata keçirilir: "Cəmi bir neçə il ərzində dağıntılar dirçəlişə çevrilib. Azad edilmiş ərazilərdə yeni şəhərlər, kəndlər, körpülər, məktəblər, muzeylər, mədəniyyət müəssisələri və yaşıl enerji infrastrukturu inşa olunur. Tarixi məscid və abidələr bərpa edilir, mədəni həyat isə yenidən canlanır".
Fərid Cəfərov qeyd edib ki, vərpa yalnız dağıdılanı yenidən qurmaq deyil, həm də kimliyi və ləyaqəti, insanların özlərini aid hiss etdikləri məkanlarla olan mənəvi bağlarını bərpa etməkdir. “Böyük Qayıdış”ın uğuru da məhz bu prinsipə əsaslanır – işğaldan əvvəl mövcud olmuş mədəni və sosial həyatın yenidən canlandırılmasına xidmət edir.
"Azərbaycan Respublikasının Prezidenti tərəfindən 2026-cı il 14 yanvar tarixində təsdiq edilən “Azərbaycan Mədəniyyəti – 2040” Konsepsiyası mədəniyyəti insan həyatının, ictimai münasibətlərin, milli inkişafın və dövlət siyasətinin mərkəzinə qoyan yeni bir model irəli sürür", – deyə o qeyd edib.
Nazir müavini diqqətə çatdırıb ki, burada mədəniyyət sadəcə bir sahə kimi deyil, kimliyi, dəyərləri, ictimai həmrəyliyi və nəsillərarası davamlılığı formalaşdıran canlı mühit kimi qiymətləndirilir və mədəni sahələrin sistemli və davamlı inkişafı əsasında qurulur.



















