Mayın 16-dan 17-nə keçən gecə Avstriyanın paytaxtı Vyanada 2026-cı il “Avroviziya" mahnı müsabiqəsinin ("Eurovision Song Contest 2026") finalı keçirilib.
Müsabiqənin 70 illik yubileyinə təsadüf edən final gecəsində 25 ölkənin nümayəndəsi səhnəyə çıxıb. Bolqarıstan təmsilçisi Dara “Banqaranqa” mahnısı ilə qalib olub.
Bolqarıstanlı müğənni həm peşəkar münsiflər heyətinin (204), həm də tamaşaçı səsverməsinin (312) nəticələrinə əsasən, ümumilikdə 516 xal toplayaraq birinci yeri qazanıb.
İsrail təmsilçisi 343 xalla ikinci, Rumıniya nümayəndəsi 296 xalla üçüncü olub. Dördüncü yeri Avstraliya (287), beşinci yeri İtaliya (281) təmsilçisi tutub.
Daranın ifasında səslənən “Banqaranqa” mahnısı müasir pop musiqisini bolqar folklor motivləri ilə birləşdirib. Səhnə performansında ənənəvi “kukeri” elementlərindən istifadə olunması tamaşaçıların diqqətini xüsusi cəlb edib. İfa həm arena auditoriyası, həm də televiziya izləyiciləri tərəfindən rəğbətlə qarşılanıb.
Dara səhnə təxəllüsü ilə çıxış edən müğənni Darina Nikokayeva Yotova 27 yaşındadır. Varna şəhərində doğulub. 10 ilə yaxındır peşəkar müğənnilik fəaliyyəti ilə məşğul olur.
Qeyd edək ki, bu, Bolqarıstanın 70 illik “Avroviziya” tarixində ilk qələbəsidir. Beləliklə, 2027-ci ildə müsabiqəyə Bolqarıstan ev sahibliyi edəcək.
Xatırladaq ki, "Avroviziya 2026”da Azərbaycanı Jiva səhnə adı təmsil edən müğənni Cəmilə Həşimova müsabiqənin ikinci yarımfinal mərhələsində (14 may) çıxış edib və finala vəsiqə qazana bilməyib.





















