Cəfər Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrında şair Fərzalı Abbasəlioğlunun 70 illik yubileyi keçirilib.
Əslən Cəbrayıl rayonunun Sirik kəndindən olan Fərzalı Abbasəlioğlunu ilk olaraq Cəbrayıl-Qubadlı seçki dairəsindən Milli Məclisin deputatı Ceyhun Məmmədov təbrik edib. O, yubilyarın yaradıcılığına nəzər salıb, şair haqqında ürək sözlərini, xoş fikirlərini ifadə edib.
Yubiley axşamında Fərzalı Abbasəlioğlunun şeirləri qiraət olunub, sözlərinə bəstələnmiş mahnılar səslənib.
“Zəfər” instrumental ansamblının müşayiəti, aşıq Ədalət Dəlidağlı, Nadir Bayramlı, Niyaz İlyasoğlu, Natiq Fərzalıoğlu, Əhliman Ərşadlı, Sona Nərimanqızı, Təranə Gədəbəyli, Ayşə Səyyad qızı və digər sənət adamlarının ifaları ilə davam edən tədbirin sonunda yubilyar ona göstərilən diqqət və qayğıya görə İrəvan teatrının rəhbərliyinə, sənət dostlarına və oxucularına dərin minnətdarlığını bildirib.






















