Azərbaycan Kinematoqrafçılar İttifaqının dəstəyi ilə “Qırxdan sonra…” qısametrajlı bədii filminin qadınlar üçün xüsusi nümayişi keçirilib.
Sənətşünaslar, teatr və kino xadimləri, media nümayəndələri, həmçinin digər fərqli sahələrdə çalışan xanımların qatıldığı nümayişdən sonra ekran əsəri ətrafında geniş müzakirə aparılıb.
Tragikomediya janrında çəkilən “Qırxdan sonra…” filminin ssenari müəllifləri Saida Haqverdiyeva və Sevda Sultanova, quruluşçu rejissoru Saida Haqverdiyevadır. Xronometrajı 30 dəqiqə olan ekran əsərinin görüntü rejissoru Şahmar Səfəroğludur.
Film yaşı qırxı keçmiş, ailə-məişət qayğıları və peşəkar həyatda görünməzləşmə problemi ilə üzləşən iki aktrisanın həyatından bəhs edir. Əsas qəhrəmanlardan biri illər əvvəl teatrdan uzaqlaşsa da, digəri sənətdə qalmaq, yenidən səhnəyə, ekrana qayıtmaq və özünü təsdiqləmək, parlaq keçmişini qaytarmaq uğrunda mübarizə aparır. O, zaman keçdikcə kinoda və teatrda ona olan tələbatın azaldığını hiss etsə də, bu reallıqla barışmaq istəmir.
Ekran əsərində aktyorların və xüsusilə qadın sənət adamlarının daxili dünyası, psixoloji sarsıntıları, peşə və həyat arasında yaşadıqları ziddiyyətlər tragikomik hadisələr fonunda təqdim olunur. Film həm də cəmiyyətin sənət adamlarının görünməyən tərəflərinə diqqət çəkməyi hədəfləyir.
“RS Production”un istehsalı olan filmdə rolları Zümrüd Qasımova və Gülçöhrə Abdullayeva ifa edirlər. Layihənin prodüserləri Kəmalə Nəhmətova və Saida Haqverdiyeva, montaj rejissoru Əli Xiləli, ikinci operatoru Sahib Mikayılov, səs rejissoru Mehman Nadirov, səs operatoru Aslan Əlibəyov, redaktoru Həmidə Rüstəmovadır.
Rejissor S.Haqverdiyeva çıxışında qadınların yaşantılarına, daxili dünyasına varan bu kimi nümunələrə ehtiyac olduğunu və elə bu işi də o daxili tələbatdan ərsəyə gətirdiklərini bildirib.
Vurğulayıb ki, “Qırxdan sonra…” filmi qadın taleyinə qadın baxışını əks etdirən ekran işləri silsiləsinin ilk hissəsidir və aktrisaların yaşantılarına həsr olunan növbəti qısametrajlı filmin çəkilişlərinə başlanacaq.
Nümayişdən sonra sənətşünaslıq doktoru, professor Məryəm Əlizadə, kino rəssamı, animasiya rejissoru, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının professoru Firəngiz Qurbanova, caz ifaçısı Tünzalə Qəhrəman ekran əsəri barədə təəssüratlarını bölüşüblər.
Çıxışlarda ekran əsərinin xüsusilə qadın psixologiyasına həssas yanaşmasını, mövzunun səmimiliyini və aktrisaların emosional ifasını yüksək qiymətləndiriblər. Qeyd olunub ki, “Qırxdan sonra…” çağdaş Azərbaycan kinosunda az toxunulan bir mövzunu – orta yaşlı qadının sənətdə özgələşməsi problemini – emosional və eyni zamanda realist dildə təqdim edir. Ffilmdəki tragikomik atmosferin həyat həqiqətləri ilə üzvi şəkildə birləşdiyi, qəhrəmanların yaşadıqları daxili böhranların süni dramatizmdən uzaq təsvir olunduğu vurğulanıb.
Ekran əsərinin bədii-estetik həllində minimalist yanaşma diqqəti cəlb edir. Rejissor hadisələri pafosdan uzaq, müşahidəçi rakursdan təqdim etməklə qəhrəmanların daxili sarsıntılarını vizual detallar vasitəsilə açmağa çalışır. Məkan seçimi, səhnələrin ritmi və pauzalardan istifadə personajların tənhalığını və daxili yorğunluğunu gücləndirən əsas estetik elementlərdən biri kimi çıxış edir. Film boyu məişət mühiti ilə səhnəarxası atmosferinin paralel təqdimatı aktrisa həyatının ikili dramatizmini — ictimai görünüş və şəxsi ağrı arasındakı ziddiyyəti qabardır.
Görüntü rejissoru Şahmar Səfəroğlu yaxın planlardan və sakit, müşahidəçi kadrlardan istifadə etməklə obrazların emosional vəziyyətini tamaşaçıya daha yaxınlaşdırır.
Yaradıcı heyəti təbrik edən çıxışçılar bu mövzuda filmlərin daha çox çəkilməsi arzularını da dilə gətiriblər.



















