31-ci Beynəlxalq Qida Sənayesi Sərgisi (“InterFood Azerbaijan”) çərçivəsində keçirilən 6-cı “Qızıl Şah” Milli Kulinariya Çempionatı yekunlaşıb.

Bu barədə Dövlət Turizm Agentliyindən məlumat verilib.

Çempionatın nəticələrinə əsasən, “Ən yaxşı gənclər komandası” nominasiyası üzrə Serbiya təmsilçiləri birinci olublar. “Chefleen” komandası ikinci, “CÀSÀ” komandası üçüncü yeri tutub.

“Ən yaxşı peşəkar komanda” nominasiyasında “Hyatt Hotel” komandası birinci olub. “Chefleen” ikinci, “Novikov Group” üçüncü yerlə mükafatlandırılıb.

Fərdi kateqoriyalar üzrə “Gənclər arasında ən yaxşı ət yeməyi” nominasiyasında İbrahim Rəhimov, “Gənclər arasında ən yaxşı quş əti yeməyi” nominasiyasında Nail Bayramov və Rəhim Mustafayev, “Gənclər arasında ən yaxşı dəniz məhsulları yeməyi” nominasiyasında İnarə Səmədova fərqləniblər.

“Ən yaxşı milli komanda” nominasiyası üzrə Azərbaycan komandası birinci yerə layiq görülüb. Xorvatiya ikinci, “Kazakhstan Chefs Hub” komandası isə üçüncü yeri tutub.

Çempionatın əsas mükafatı olan “İlin qızıl aşpazı” adına Belarus təmsilçisi Voiçanka Katsiarina layiq görülüb.

Qeyd edək ki, Dövlət Turizm Agentliyi və Azərbaycan Milli Kulinariya Mərkəzinin dəstəyi, Dünya Usta Aşpazlar Cəmiyyətləri Assosiasiyasının (“Wordlchefs”) tərəfdaşlığı ilə Azərbaycan Kulinariya Mütəxəssisləri Assosiasiyası (ACSA) tərəfindən təşkil olunan çempionatda Türkiyə, Qazaxıstan, Özbəkistan, Pakistan, Serbiya, Rusiya, Belarus, Xorvatiya, Rumıniya və Ukraynadan komandalar iştirak edib.

6-cı “Qızıl Şah” Milli Kulinariya Çempionatının münsiflər heyəti ABŞ, Böyük Britaniya, İsveç, İtaliya, Almaniya və digər ölkələrdən olan, “Worldchefs” tərəfindən lisenziyalaşdırılmış beynəlxalq hakim-aşpazlar olublar.

Xatırladaq ki, 2019-cu ildən keçirilən çempionatda yerli və əcnəbi aşpazlar fərdi və komanda şəklində müxtəlif yarış kateqoriyalarında iştirak edirlər. “Qızıl Şah” Milli Kulinariya Çempionatı 2024-cü ildən etibarən “Wordlchefs” ilə birgə təşkil edilən “Gold Shah” kontinental (qitə) aşpazlar çempionatına ev sahibliyi etmək hüququnu əldə edib.