Azərbaycan Dövlət Kukla Teatrı 95 illik yubileyi münasibətilə həyata keçirilən sosial-mədəni aksiyalar çərçivəsində teatrın əməkdaşları "Azərbaycan Uşaqları" İctimai Birliyi – Uşaq Sığınacağı Reinteqrasiya Mərkəzinin qonağı olublar.
Kuklaçılar sığınacaq sakinləri üçün repertuarın sevilən nümunələrindən olan “Şəngülüm, Məngülüm” tamaşasını nümayiş etdiriblər.
Bu barədə teatrdan məlumat verilib.
Tamaşa “Şəngülüm, Şüngülüm, Məngülüm” Azərbaycan xalq nağılı əsasında hazırlanıb. Səhnə əsərinə yaradıcı heyət tərəfindən yeni səhnə baxışı gətirilib, tamaşa daha dinamik, rəngarəng və müasir teatr həllində təqdim olunub. Nağılın əsas süjeti, ideyası və tərbiyəvi mahiyyəti qorunmaqla müəyyən dramaturji ixtisarlar aparılıb və səhnə uyğunlaşdırmaları edilib. Tamaşanın əsas məqsədi uşaqlara maraqlı teatr ab-havası yaşatmaqla yanaşı, xalq nağıllarımızın zəngin irsini onların vizual zövqünə uyğun formada təqdim etməkdir.
Səhnə əsərinin quruluş müəllifi Anar Məmmədov, quruluşçu rəssamı İqbal Əliyevdir. Musiqi tərtibatlı, birhissəli kukla tamaşasında bütün obrazları istedadlı aktrisa Ülviyyə Əliyeva canlandırır.
Balaca tamaşaçılar tərəfindən böyük maraqla qarşılanan səhnə işi uşaqlara xoş və unudulmaz anlar yaşadıb.
Mərkəzin sədri Kəmalə Ağazadə bu xeyirxah təşəbbüsə görə teatr rəhbərliyinə və kollektivə təşəkkür edib. Bildirib ki, bu cür layihələrin davamlı olması, xüsusilə qayğıya ehtiyacı olan uşaqların cəmiyyətə inteqrasiyası, həmçinin onların incəsənətə və teatra marağının formalaşması baxımından mühüm əhəmiyyət daşıyır.
Azərbaycan Dövlət Kukla Teatrı yubiley ili çərçivəsində paytaxt və bölgələrdə fəaliyyət göstərən uşaq evləri və internat məktəblərinə səfərlərini davam etdirəcək.
























