Türk dünyasında transformasiya və inteqrasiyanın son illərdə digər sahələrdə olduğu kimi, elm, təhsil sahələrində də çox əhəmiyyət qazandığına şahidlik edirik. Bu geniş coğrafiyada Türk dünyasının inteqrasiyası ortaq tarix, dil və mədəniyyət əlaqələri üzərində qurulub. Bunun nəticəsində iqtisadi, mədəni və siyasi əlaqələr genişlənməkdədir. Şimali Kipr Türk Cümhuriyyəti ilə Azərbaycan arasındakı qardaşlıq əlaqələri də geniş zəminə malikdir. Türk dünyasının ayrılmaz parçası olan Şimali Kipr Türk Cümhuriyyəti ana vətənimiz Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğanın təşəbbüsü və Azərbaycan Prezidenti İlham Əliyevin dəstəyi ilə 2022-ci ildə Türk Dövlətləri Təşkilatına müşahidəçi üzv olaraq qəbul edilib.
Şimali Kipr Türk Cümhuriyyətinin Azərbaycandakı nümayəndəsi Ufuk Turqaner bu fikirləri mayın 6-da BDU-da keçirilən “Türk dünyasında transformasiya və inteqrasiya: iqtisadiyyat, siyasət və texnologiya” mövzusunda beynəlxalq konfransda deyib.
Ufuk Turqaner bildirib ki, Şimali Kipr Türk Cümhuriyyəti ilə qardaş Azərbaycan arasındakı müstəsna münasibətlər çərçivəsində ölkələrimiz arasında siyasi və iqtisadi əməkdaşlıq, ticarət, turizm və ali təhsil sahələrində əlaqələr inkişaf etməkdədir: “Prezident İlham Əliyevin bütün Türk dünyası üçün yol xəritəsi olaraq qəbul edilən “Bizim ailəmiz Türk dünyasıdır” fikri birliyimiz baxımından çox mühüm bir yol xəritəsidir. Bu yolda çalışmaq ən böyük məsuliyyətimizdir. Bu duyğu və düşüncələrlə, üç dövlət, bir millət olaraq birliyimizin, bərabərliyimizin, həmrəyliyimizin nəticəsində təşkil edilən bu konfransın işinə uğurlar arzulayıram”.
***
Şimali Kipr Türk Cümhuriyyətinin aparıcı ali təhsil ocaqlarından olan Girne Amerika Universitetinin rektoru Serdar Yurtsever də konfransda çıxış edib.
Rektor bildirib ki, təhsil bir millətin ən strateji sahəsidir və bu sahə yalnız bilik ötürməkdən ibarət deyil, eyni zamanda, kimliyin formalaşdırılması, ortaq idealların paylaşılması və gələcək təsəvvürünün qurulması deməkdir: “Bu kontekstdə Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün “Təhsil bir milləti hürr, müstəqil, şanlı, yüksək bir cəmiyyət halında yaşadır” fikri xüsusi əhəmiyyət daşıyır. Bu sözlər yalnız bir sitat deyil, həm də yol xəritəsidir. Atatürkün təhsilə verdiyi önəm Türk dünyasının ortaq baxışının təməlini təşkil etməlidir, çünki təhsil olmadan nə birlik, nə inkişaf, nə də azadlıq mümkündür”.
Serdar Yurtsever əlavə edib ki, Şimali Kipr Türk Cümhuriyyəti Şərqi Aralıq dənizinin mərkəzində yerləşərək Türk dünyasının ön mövqelərindən biri kimi təhsil vasitəsilə mühüm missiya daşıyır: “Bu gün Şimali Kipr Türk Cümhuriyyəti universitetləri dünyanın onlarla ölkəsindən, yüzlərlə millətindən olan on minlərlə tələbəyə qapılarını açır və bu tələbələr ortaq gələcəyin, ortaq üfüqün daşıyıcıları kimi çıxış edirlər. Bu baxımdan Şimali Kipr Türk Cümhuriyyətində atılan hər bir addım Türk dünyasının bütövlüyünə təsir edən geniş əks-səda doğurur. Türk dünyası artıq tarixi və mədəni birlik çərçivəsində deyil, eyni zamanda, çoxşaxəli və dinamik bir güc mərkəzi kimi formalaşır. Girne Amerika Universiteti də bu istiqamətdə Türk dünyası ölkələrinin digər universitetləri ilə ortaq proqramların inkişaf etdirilməsi, akademik hərəkətliliyin genişləndirilməsi və birgə tədqiqat mərkəzlərinin yaradılmasını hədəfləyir”.





















