Azərbaycan ilə Serbiya arasında mədəni əlaqələr dinamik şəkildə inkişaf edir və bu əməkdaşlıq artıq yeni mərhələyə qədəm qoyur.
Mədəniyyət nazirinin müavini Fərid Cəfərov bu fikirləri mayın 3-də Heydər Əliyev Beynəlxalq Aeroportunda Serbiyanın milli aviadaşıyıcısı “Air Serbia” tərəfindən icra olunan Belqrad–Bakı–Belqrad marşrutu üzrə ilk birbaşa aviareysin rəsmi qarşılanma mərasimi zamanı jurnalistlərə açıqlamasında bildirib.
O qeyd edib ki, iki ölkə arasında münasibətlər bütün sahələr üzrə yüksələn xətt üzrə inkişaf edir və bu prosesin əsasında dövlət başçılarının siyasi iradəsi dayanır. Nazir müavininin sözlərinə görə, mədəniyyət sahəsində əməkdaşlıq da bu ümumi inkişafın ayrılmaz tərkib hissəsidir. Azərbaycan və Serbiya arasında artıq mədəniyyətin müxtəlif istiqamətləri üzrə səmərəli əməkdaşlıq formalaşıb. Kitabxana sahəsində kitabların qarşılıqlı tərcüməsi və mübadiləsi həyata keçirilir. Həm Azərbaycan, həm də Serbiya müəlliflərinin əsərlərinin digər ölkədə nəşr olunması xalqlarımız arasında mədəni yaxınlaşmaya mühüm töhfə verir.
Fərid Cəfərov əlavə edib ki, muzeylər arasında əməkdaşlıq da diqqətəlayiqdir. Xüsusilə Azərbaycan Milli Xalça Muzeyi ilə Serbiyanın Etnoqrafiya Muzeyi arasında təşkil olunan mübadilə sərgiləri bu sahədə uğurlu tərəfdaşlığın bariz nümunəsidir.
Nazir müavini vurğulayıb ki, film sənayesi sahəsində də son illərdə müsbət dinamika müşahidə olunur. Azərbaycan nümayəndələrinin Serbiyada keçirilən beynəlxalq film festivallarında iştirakı, eyni zamanda, serbiyalı qonaqların Bakıda təşkil olunan kino tədbirlərində fəal iştirakı əlaqələrin genişləndiyini göstərir.
“Yeni birbaşa aviareysin açılması iki ölkə arasında mədəni mübadilələrin intensivləşməsinə və xalqlar arasında birbaşa təmasların artmasına əlverişli şərait yaradacaq. Serbiya nümayəndə heyətinin Azərbaycana səfəri incəsənət və musiqi sahəsində əməkdaşlığa yeni impuls verəcək. Keçiriləcək birgə tədbirlər və layihələr iki ölkə arasında dostluq əlaqələrinin daha da möhkəmlənməsinə xidmət edəcək”, – deyə F.Cəfərov bildirib.
***
Qeyd edək ki, əldə olunan razılığa əsasən, “Air Serbia” tərəfindən Belqrad–Bakı–Belqrad marşrutu üzrə ilk birbaşa reyslər həftədə iki dəfə – çərşənbə və şənbə günləri yerinə yetiriləcək. Sözügedən marşrut Azərbaycan ilə Avropa arasında hava nəqliyyatı əlaqələrinin genişlənməsinə xidmət etməklə yanaşı, turizm və işgüzar səfərlərin artmasına əlavə imkanlar yaradır. İki ölkə arasında tətbiq olunan vizasız rejim isə qarşılıqlı səfərləri daha da asanlaşdırır və istiqamətə marağı artırır.
İlk reysin sərnişinləri aeroporta eniş zamanı ənənəvi su tağı mərasimi ilə qarşılanıb. Tədbir çərçivəsində qonaqlara Azərbaycan mədəniyyətini əks etdirən xatirə hədiyyələri təqdim olunub.
Rəsmi qarşılanma mərasimində Azərbaycan Hökumətinin nümayəndələri, Serbiya nümayəndə heyəti, eləcə də “Air Serbia”nın rəhbər şəxsləri iştirak ediblər.
Yeni marşrut Heydər Əliyev Beynəlxalq Aeroportunun beynəlxalq uçuş şəbəkəsinin genişləndirilməsi istiqamətində mühüm addımlardan biri olmaqla yanaşı, Bakının regionun aparıcı aviasiya və turizm mərkəzlərindən biri kimi mövqeyinin daha da möhkəmlənməsinə töhfə verir.






















