Şuşa Dövlət Musiqili Dram Teatrında “Söz körpüsü” layihəsi çərçivəsində Xalq şairi Sabir Rüstəmxanlının 80 illik yubileyinə həsr olunmuş ədəbi-bədii gecə keçirilib.

Tədbir Sabir Rüstəmxanlının ömür yoluna həsr olunmuş videoçarxın nümayişi ilə başlanıb.

Xalq artisti Eldost Bayram, Əməkdar artist Nazir Rüstəmov, bədii qiraət ustası Kamran Yunis və aktrisa Zemfira Əbdülsəmədova şairin şeirlərini səsləndiriblər.

Azərbaycan Yazıçılar Birliyinin sədr müavini Rəşad Məcid yubilyarın zəngin həyat və yaradıcılığından söz açıb.

Bədii rəhbər və xoreoqraf Kəmalə Rəcəbovanın quruluşunda “Azərbaycan ritmləri” rəqs ansamblı Sabir Rüstəmxanlının sözlərinə yazılmış “Zəfər nəğməsi” mahnısı ilə rəqs kompozisiyası nümayiş etdirib.

Ədəbi-bədii gecədə Sabir Rüstəmxanlının “Səni Vətənə bənzədirəm” şeirinə İlhamə Adilqızının bəstələdiyi mahnı Aynur İsgəndərli tərəfindən ilk dəfə səsləndirilib.

Daha sonra Şuşa Dövlət Musiqili Dram Teatrının hazırladığı kompozisiya nümayiş etdirilib.

Tədbirdə “Söz körpüsü” layihəsi çərçivəsində Xalq şairi Sabir Rüstəmxanlının 80 illiyinə həsr olunmuş "Türkün sarsılmaz ruhu" şeir müsabiqəsinin qalibləri də elan edilib. Qaliblərə mükafatları yubilyar özü təqdim edib.