Mədəniyyət Nazirliyinin təşəbbüsü və təşkilatçılığı ilə reallaşan qastrol layihəsinin daha bir konserti Sumqayıtda keçirilib.
“Kimyaçı” Mədəniyyət Sarayında Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının simfonik orkestri, solistləri, xor kollektivi və balet artistlərinin iştirakı ilə proqramı təqdim olunub.
Əməkdar artist, dirijor Əyyub Quliyevin idarə etdiyi konsertdə Azərbaycan klassik və xalq musiqisindən dəyərli əsərlər səsləndirilib.
Proqramda “Xudayar təsnifi”, “Azərbaycan elləri”, “Azərbaycan oğluyam”, “Mənim Azərbaycanım”, “Şuşanın dağları”, “Aman aman ayrılıq”, “Ey Vətən”, “Sumqayıt haqqında mahnı”, “Yaşa, mənim xalqım!”, "Odlar yurdu" kimi sevilən musiqi nümunələri ifa olunub.
Üzeyir Hacıbəylinin “Arşın mal alan” operettasından seçilmiş parçalar, “Koroğlu” operasından xor və rəqs nömrələri, həmçinin Polad Bülbüloğlunun “Eşq və Ölüm” baletindən “İgidlərin rəqsi” tamaşaçılara təqdim edilib. Cahangir Cahangirovun “Xanəndənin taleyi” operasından səhnə və Niyazinin “Arzu” romansı da proqramda yer alıb.
Konsertdə tanınmış və gənc ifaçılar Nəzakət Teymurova, Gülnaz İsmayılova, Təyyar Bayramov, İlahə Əfəndiyeva, İlkin Əhmədov, Elnur Zeynalov, Tural Ağasıyev, Cahangir Qurbanov, Arzu Əliyeva, həmçinin teatrın solistləri Taleh Yahyayev, Atəş Qarayev, Fəhmin Əhmədli, Məhəbbət Səfərov, Gülzar Fərəcova çıxış ediblər.
Konsertin rejissoru Əməkdar incəsənət xadimi Hafiz Quliyev, xormeysteri Əməkdar incəsənət xadimi Sevil Hacıyeva, baletmeyster-repetitoru Əməkdar artist Yuriy Lobaçevdir.
























