Beynəlxalq Muğam Mərkəzinin direktoru Əməkdar artist, dosent, Özbəkistanın mədəniyyət səfiri Sahib Paşazadə və AMEA Folklor İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent  İlhamə Qəsəbova Ankara Gözəl Sənətlər və Musiqi Universitetinin Xalq çalğı alətləri fakültəsində seminar və ustad dərsində  iştirak ediblər.

“Azərbaycan tar ifaçılığı sənəti – Azərbaycan aşıq sənəti ənənəsi və saz ifaçılığı” mövzusunda seminar və ustad dərsi universitetin dəvəti ilə keçirilib.

Universitetin Xalq çalğı alətləri kafedrasının, eləcə də universitetin nəzdində fəaliyyət göstərən “Azərbaycan Muğam Sənəti İfaçıları Birliyi” (Azərbaycan Muğam Sənəti İcra Topluluğu) və “Aşıq Sənəti Ənənəsi Birliyi” üzvlərinin iştirak etdiyi seminarda Sahib Paşazadə Azərbaycan tar ifaçılığı ənənələri, bu sənətin inkişafı, XIX əsrin sonu – XX əsrin əvvəllərində Azərbaycanda tar alətinin təkmilləşdirilməsi  tarda muğamların və bəstəkar əsərlərinin ifaçılığı mövzusunda geniş məruzə ilə çıxış edib.

Tarzən seminar iştirakçılarına əyani şəkildə Azərbaycan muğamlarından parçalar ifa edərək mizrab və ştrixlər haqqında geniş məlumatı diqqətə çatdırıb.

Uzun illərdir Türkiyədə yaşayan tanınmış tar ifaçısı, həmyerlimiz Abdulla Qurbaninin də qatıldığı, ustad dərsi formatında keçən görüşdə Sahib Paşazadə iştirakçıların tar ifaçılığının solo və müşayiət formaları, Azərbaycanda muğam məktəbləri mövzusunda suallarını cavablandırıb. 

Seminarda İlhamə Qəsəbova Azərbaycan aşıq yaradıcılığı, bu sənətin tarixi inkişaf mərhələləri, janr xüsusiyyətləri və poetik sistemi, eləcə də ustad-şagird münasibətlərinin mahiyyəti və ənənəvi ötürülmə mexanizmləri haqqında əhatəli məlumat verib. Aşıq sənətinin milli-mədəni yaddaşın qorunmasında rolu, onun folklorşünaslıq baxımından əhəmiyyəti və müasir dövrdə yaşadılması istiqamətində aparılan elmi və praktik fəaliyyətdən bəhs olunub. Xüsusilə aşıq ifaçılığında sazın funksional rolu, dastan ənənəsi, şifahi poetik irsin struktur xüsusiyyətləri və improvizasiya bacarığının əhəmiyyəti diqqətə çatdırılıb.

Seminarın sonunda Sahib Paşazadə və İlhamə Qəsəbovaya universitetin rəhbərliyi tərəfindən təşəkkürnamə təqdim edilib.

Ankara Gözəl Sənətlər və Musiqi Universitetinin rektoru professor Erhan Özden Azərbaycandan gələn sənət xadimlərini ilə görüşüb. Ali təhsil müəssisəsi ilə Beynəlxalq Muğam Mərkəzi arasında əməkdaşlıq məsələləri müzakirə edilib, əməkdaşlığın perspektivləri mövzusunda fikir mübadiləsi aparılıb. Erhan Özden ötən ilin noyabr ayında Bakıda keçirilən elmi konfrans zamanı BMM-də olmasını məmnunluqla xatırlayaraq, iki qardaş ölkə arasında musiqi sənəti sahəsində əməkdaşlığın əhəmiyyətini qeyd edib.

Sahib Paşazadə universitetdə tar ifaçılığı fakültəsinin fəaliyyət göstərməsini yüksək qiymətləndirib. Vurğulanıb ki, bu kimi elmi-maarifləndirici tədbirlər Azərbaycan tar ifaçılığı və aşıq sənətinin beynəlxalq müstəvidə tanıdılması, eləcə də mədəniyyətlərarası elmi əlaqələrin möhkəmləndirilməsi baxımından əhəmiyyət kəsb edir.