Ustad kamança ifaçısı, Əməkdar artist Ədalət Vəzirovun (1951–2002) 75 illik yubileyi aprelin 27-də Beynəlxalq Muğam Mərkəzində qeyd edilib.

Tədbir sənətkarın ifasını əks etdirən videoçarxın nümayişi ilə başlanıb.

Sənətşünaslıq üzrə elmlər doktoru Leyla Zöhrabova çıxış edərək Ədalət Vəzirovun kamança ifaçılığı sənətində qoyduğu izdən, həyat və yaradıcılığından danışıb. İfaçının şəxsiyyət və sənətkar kimi xarakterindən, Sumqayıt Musiqi Texnikumuna rəhbərliyi dövründən söz açılıb, müşayiət etdiyi xanəndələr yada salınıb, püxtələşməsində əmək sərf etdiyi ifaçıların bu gün tanınmış musiqiçi kimi ustadlarının yolunu uğurla davam etdirdiyi vurğulanıb.

Ədalət Vəzirovun 1999-cu ildən solist kimi fəaliyyət göstərdiyi “Tekfen” Qaradəniz Solistləri Orkestrindəki uğuru xüsusi qeyd olunub. Bu, üç dəniz layihəsi kimi tanınan, Qara dəniz, Xəzər və Aralıq dənizi ətrafındakı 20 ölkənin 50-yə yaxın seçilmiş sənətkarını birləşdirən mükəmməl orkestr idi. Ədalət Vəzirovun orkestrdəki çıxışlarına heyranlıq o dərəcədə dərin olmuşdu ki, onun ecazkar ifası ilə bağlı Azərbaycan hökumətinə və dövlət başçısına minnətdarlıq məktubu göndərilmişdi. Görkəmli bəstəkar Hacı Xanməmmədov Ədalət Vəzirovun ifasından təsirlənmiş, “Kamança və simfonik orkestr üçün konsert”i və daha bir neçə əsəri xüsusi olaraq onun üçün yazmışdı.

Azərbaycan Yazıçılar Birliyinin katibi İlqar Fəhminin aparıcılığı ilə keçən gecədə həmçinin vurğulanıb ki, sənətkar ABŞ, Kanada, Fransa, Yaponiya, Almaniya, Türkiyə, İraq, İordaniya, İspaniya, Tunis və s.  ölkələrdə musiqimizi təmsil edib. Ədalət Vəzirov xalq mahnı və təsnifləri, muğamları mükəmməl ifa etməklə yanaşı, Azərbaycan və dünya bəstəkarlarının əsərlərini yüksək səviyyədə ifa edirdi. 1997-ci ildə Özbəkistanın Səmərqənd şəhərində keçirilən "Şərq təranələri" festivalında xanəndə Simarə İmanova, tarzən Zamiq Əliyev və kamança ifaçısı Ədalət Vəzirov ən yüksək mükafatı – "Qran pri"ni qazanıblar. Həmin il sənətkar Azərbaycanın "Əməkdar artist" fəxri adına layiq görülüb.

Ustad ifaçı 5 oktyabr 2002-ci ildə, 51 yaşında Türkiyənin İstanbul şəhərində qastrol səfərində olarkən qəfil vəfat edib.

Yubiley gecəsi tanınmış xanəndələr və kamança ifaçılarının konsert proqramı ilə davam edib.