Aprelin 29-da Azərbaycan Yazıçılar Birliyinin (AYB) Natəvan klubunda Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi Abdulla Şaiqin (1881–1959) anadan olmasının 145 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.
AYB və Abdulla Şaiqin Mənzil-Muzeyinin birgə təşkil etdiyi tədbirə AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun əməkdaşları, Bakıdakı ev-muzeylərinin nümayəndələri qatılıblar.
Bu barədə muzeydən məlumat verilib.
Tədbiri giriş sözü ilə AYB sədrinin müavini Rəşad Məcid açaraq iştirakçıları salamlayıb.
AYB-nin sədri Xalq yazıçısı Anar çıxış edərək Abdulla Şaiqin Azərbaycan ədəbiyyatındakı xidmətlərindən və şəxsiyyət kimi məziyyətlərindən danışıb.
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun şöbə müdiri, filologiya elmləri doktoru, professor Bədirxan Əhmədov A.Şaiqi turançı şair kimi xarakterizə edib və onu əsərlərində Qızıl almanı – mənəvi Turan idealını vəsf edən yeganə Azərbaycan şairi adlandırıb.
Ədəbiyyat İnstitutunun şöbə müdiri, filologiya elmləri doktoru, professor Asif Rüstəmli A.Şaiqin ədəbi fəaliyyətindən bəhs edib və Cümhuriyyət dövrü yaradıcılığı üzərində xüsusi dayanıb.
AYB-nin Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin sədri Əsəd Cahangirin aparıcılığı ilə keçən tədbirdə daha sonra fizika-riyaziyyat elmləri doktoru, professor Hamlet İsaxanlı A.Şaiqin incə ruhlu lirik şeirlərindən, özünün şairin oğlu akademik Kamal Talıbzadə ilə səmimi münasibətlərindən bəhs edib.
Filologiya elmləri doktoru, şair Zahid Xəlil A.Şaiqin uşaq şeirlərindən birini söyləyib və ədibin uşaq əsərlərini yüksək sənət nümunələri kimi dəyərləndirib.
Ədəbiyyat İnstitutunun elmi katibi, filologiya üzrə fəlsəfə doktoru, dosent Aygün Bağırlı A.Şaiqin uşaq yazıçısı kimi fəaliyyətindən söz açıb.
Filologiya üzrə fəlsəfə doktoru Arzu Əhməd Hacıyeva A.Şaiqin çoxcəhətli fəaliyyətinin digər sahəsindən – ədəbiyyatşünas alim kimi fəaliyyətindən danışıb.
Əməkdar elm xadimi, pedaqoji elmlər doktoru Fərrux Rüstəmov “Şaiq nümunə məktəbi”nin yaranma tarixi və sonrakı taleyi barədə müfəssəl məlumat verib.
Tədbir bədii hissəsində Abdulla Şaiqin Mənzil-Muzeyinin nəzdində “Vətən” uşaq-yaradıcılıq dərnəyinin və Bakı şəhəri 3 nömrəli Uşaq-gənclər inkişaf mərkəzinin “Çiçəyim” uşaq teatrının üzvləri Abdulla Şaiqin şeirlərini söyləyiblər.
Sonda Abdulla Şaiqin nəvəsi, mənzil-muzeyin direktoru Ülkər Talıbzadə AYB sədri Anar başda olmaqla tədbirin keçirilməsində əməyi olan hər kəsə minnətdarlığını bildirib.
























