Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanası ilə Qazaxıstan Respublikasının İbray Altınsarin adına Uşaq və Gənclər Kitabxanası arasında “Mədəni kəsişmə: mədəniyyətlərin dialoqu” adlı onlayn görüş keçirilib.
Gənclər Kitabxanasından bildirilib ki, tədbir mədəni əlaqələrin gücləndirilməsi və iki ölkənin milli adət-ənənələrinin müzakirəsi məqsədilə təşkil edilib.
Telekörpüdə Qazaxıstanda fəaliyyət göstərən Azərbaycan diasporunun nümayəndələri – “Birlik” Etnomədəni Birliyinin sədri Rafael Hacıbalayev, gənclər təşkilatının lideri Leyla Kərimova, Elm və Təhsil Nazirliyinin tabeliyində olan 4 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin metodisti Məshəti Məmmədova, tələbə-gənclər iştirak ediblər.
İbray Altınsarin adına Uşaq və Gənclər Kitabxanasının direktoru Nadejda Tiplakova çıxışında görüşün əhəmiyyətini vurğulayıb. O bildirib ki, bu cür təşəbbüslər iki ölkənin kitabxanaları və gəncləri arasında mədəni körpü rolunu oynayır və qarşılıqlı anlaşmanın möhkəmlənməsinə əhəmiyyətli töhfələr verir.
Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasının elmi işlər üzrə direktor müavini Günay Həsənova çıxış edərək kitabxananın fəaliyyəti haqqında geniş məlumat verib. O, kitabxananın həyata keçirdiyi layihələr, təşkil etdiyi tədbirlər vasitəsilə Azərbaycan gəncliyinin maarifləndirilməsi və mədəni dəyərlərə bağlılığının gücləndirilməsi istiqamətində ardıcıl işlər gördüyünü diqqətə çatdırıb.
Respublika Gənclər Kitabxanası tərəfindən iki geniş videotəqdimat nümayiş etdirilib.
Tədbirin bədii hissəsində qazaxıstanlı uşaqların ifasında “Uzundərə” Azərbaycan milli rəqsi təqdim olunub.
Görüş interaktiv formatda davam edib, tərəflər arasında canlı ünsiyyət qurulub, qarşılıqlı suallar cavablandırılıb. Müzakirələr zamanı mədəni irsin qorunması, milli adət-ənənələrin gələcək nəsillərə ötürülməsi və bu istiqamətdə beynəlxalq əməkdaşlığın əhəmiyyəti xüsusi vurğulanıb.























