Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə həyata keçirilən bədii kollektivlərin qastrol proqramı çərçivəsində M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının Bakı Dövlət Kamera Orkestri aprelin 27-də Zaqatala rayon Mədəniyyət Mərkəzində çıxış edib.
Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsinin yaydığı məlumata görə, konsertdə Əməkdar artist dirijor Fuad İbrahimovun rəhbərliyi ilə orkestrin ifasında klassik və milli musiqi incilərindən ibarət rəngarəng proqram təqdim olunub.
Üzeyir Hacıbəylinin “Arazbarı”, Niyazinin “Arzu” və “Qaytağı”, Qara Qarayevin “Yeddi gözəl” və “İldırımlı yollar” baletlərindən parçalar, Arif Məlikovun “İki qəlbin dastanı” baletindən “Qızların rəqsi”, Fikrət Əmirovun “Min bir gecə” baletindən “Şəhrizadın bayramı” və digər əsərlər səsləndirilib.
Solistlər – Afaq Abbasova (soprano), Yeganə Axundova (piano), Rza Xosrovzadə (bariton), eləcə də Zaqatala rayon Uşaq incəsənət məktəbinin müəllimləri Eldar Mikayılov (tar) və Sahib Abdurahmanov (qarmon) da ifaları ilə musiqi axşamına rəng qatıblar.
Konsert tamaşaçılar tərəfindən böyük maraq və alqışlarla qarşılanıb.
Qeyd edək ki, qastrol proqramı “Azərbaycan Mədəniyyəti – 2040” Konsepsiyası çərçivəsində müəyyən olunmuş prioritet istiqamətlərdən biri – mədəniyyətin regionlarda əlçatanlığının artırılması və ölkə üzrə vahid mədəni ekosistemin formalaşdırılması məqsədlərinə uyğun olaraq həyata keçirilir.
Mart–may aylarını əhatə edən qastrollar çərçivəsində Azərbaycanın şəhər və rayonlarında ümumilikdə 30-a yaxın konsert və bədii proqramın təqdim olunması planlaşdırılır.
























