Aprelin 29-da AMEA Arxeologiya və Antropologiya İnstitutunda müasir arxeologiyada tətbiq olunan yeni yanaşmalar və praktiki tətbiqlərlə bağlı təlim-treninqlər başlanıb. Əsas təşkilatçılar Arxeologiya və Antropologiya İnstitutu, Türkiyənin Ege Universiteti (İzmir) və Bakı Dövlət Universitetidir.
Bu barədə AMEA-dan məlumat verilib.
Açılış mərasimində çıxış edən AMEA-nın prezidenti akademik İsa Həbibbəyli ilk dəfə olaraq qardaş Türkiyənin elm adamlarının iştirakı ilə arxeologiya sahəsində təlimlərə başlanıldığını diqqətə çatdırıb. Bildirib ki, AMEA-da fəaliyyət göstərən 10 institut və 4 regional mərkəz Türkiyənin müvafiq elmi qurumları və ali təhsil müəssisələri ilə, o cümlədən Türkiyə Elmlər Akademiyası, Atatürk Mədəniyyət, Dil və Tarix Ali Qurumu və Türk Dil Qurumu ilə elmi əlaqələr qurub və bu əməkdaşlıq uğurla davam etdirilir.
AMEA Arxeologiya və Antropologiya İnstitutunun direktoru tarix üzrə fəlsəfə doktoru, dosent Fərhad Quliyev bildirib ki, üç gün davam edəcək treninqin əsas məqsədi Azərbaycanda son dövrlərdə aparılan arxeoloji qazıntılar zamanı tətbiq olunan yeni tədqiqat üsulları ilə bağlı qardaş Türkiyənin təcrübəsindən yararlanmaqdır. O, treninqlərdə nazirliyin 20-yə yaxın əməkdaşının iştirak etdiyini və arxeologiya elminin inkişafı üçün bu əməkdaşlığın zəruri olduğunu vurğulayıb.
Fərhad Quliyev təlimlərin aprelin 29-u və mayın 1-də AMEA-da, aprelin 30-da isə Bakı Dövlət Universitetində təşkil ediləcəyini diqqətə çatdırıb. Həmçinin bildirib ki, institutun təşəbbüsü ilə Bakı Dövlət Universitetində "arxeologiya və mədəni irs" ixtisası üzrə ayrıca bölmənin yaradılması ilə bağlı rəsmi təklifin irəli sürülməsi nəzərdə tutulur.
Direktor türkiyəli arxeoloq Zafer Derinlə əldə olunan razılaşmaya əsasən treninqlərin davamlı təşkilinin nəzərdə tutulduğunu vurğulayıb.
Layihənin ilk günü türkiyəli mütəxəssislər – dosent Zafer Derin “İzmir şəhərində yerləşən Yeşilova və Yassıtəpə arxeoloji abidələrində aparılan arxeoloji qazıntılar”, İzmir Bornova Bələdiyyəsinin arxeologiya üzrə mütəxəssisi Mehmet Akif Erdem “Arxeoloji qazıntılarda istifadə olunan üsullar (Yeşilova abidəsinin təcrübəsində)” və Ege Universitetinin Arxeologiya bölümünün elmi işçisi Özgen Çelik “Arxeoloji çöl tədqiqatlarında sənədləşdirmə, qeydiyyat və ətraf mühitin təhlili” mövzuları üzrə treninqlər keçiriblər. Onlar apardıqları tədqiqatların məqsədinin müəyyənləşməsi, metodologiyası, istifadə etdikləri texnoloji vasitələr və ortaya çıxan problemlər üzrə topladıqları təcrübə və biliklərini bölüşüblər.






















