“Azərbaycan İncəsənət Məktəbi” MMC və Azərbaycan Texniki Universitetinin (AzTU) birgə əməkdaşlığı çərçivəsində həssas kateqoriyadan gənclərin iştirakı ilə hazırlanan "Məni dinləyin" adlı sürrealizm üslublu tamaşanın nümayişi olub.

Tədbirdə Milli Məclisin deputatları, incəsənət xadimləri, universitetin müəllim və tələbə heyəti iştirak edib.

AzTU-nun rektoru professor Vilayət Vəliyev giriş sözündə inklüzivliyin müasir cəmiyyətdəki rolundan bəhs edib. Rektor sənətin gücü ilə fiziki və sosial maneələrin aradan qaldırılmasının mümkün olduğunu bildirərək, inklüzivliyin təkcə sosial layihə deyil, həm də cəmiyyətin mənəvi yetkinliyinin və humanizm səviyyəsinin göstəricisi olduğunu deyib.

Monotamaşada çıxış edən Fatimə Əsədzadənin universitetin məzunu olduğunu diqqətə çatdıran rektor bildirib ki, AzTU-nun qapıları hər zaman məzunlar üçün açıqdır. 

Azərbaycan İncəsənət Məktəbinin təsisçisi, tamaşanın müəllifi və quruluşçu rejissoru Fərid Bağırov layihənin bədii fəlsəfəsi və əhəmiyyəti barədə ətraflı məlumat verib. O, sürrealizm elementləri ilə zəngin olan səhnə əsərinin insanın daxili aləminin sərhədsizliyini və həssas kateqoriyalı gənclərin cəmiyyətə çatdırmaq istədiyi dərin mesajları özündə ehtiva etdiyini bildirib. Qeyd edib ki, müasir dövrdə bu cür layihələrin reallaşmasının ölkəmizin mədəniyyət strategiyasında sosial bərabərliyin nə dərəcədə prioritet olduğunu təsdiqləyir.

Monotamaşanın nümayişindən sonra həssas kateqoriyaya aid istedadlı gənc Nurlan Məmmədzadə dahi musiqiçi Müslüm Maqomayevin repertuarından "Azərbaycan" mahnısını ifa edib.

Xatırladaq ki, Azərbaycan İncəsənət Məktəbinin layihəsi olan "Məni dinləyin" tamaşası bundan öncə 2 aprel – Dünya Autizm və Məlumatlandırma Gününə həsr olunan tədbir çərçivəsində Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin nəzdindəki Sənaye və Texnologiya Kollecində nümayiş olunmuşdu. 

Səhnə əsərində Leyla Əliyevanın “Dünya yuxutək əriyir!” şeirlər toplusundan seçilmiş nümunələr də yer alıb.