Naxçıvan Dövlət Universitetinin (NDU) rekjtoru Elbrus İsayevin rəhbərlik etdiyi nümayəndə heyətinin Çin Xalq Respublikasının Urumçi şəhərinə səfəri gedişində daha bir ali təhsil müəssisəsində – Urumçi Peşə Universitetində (Urumqi Vocational University – UVU) görüş keçirilib.

NDU-dan bildirilib ki, görüşdə iki universitet arasında təhsil və tətbiqi sahələr üzrə əməkdaşlığın genişləndirilməsi istiqamətində razılaşmalar əldə edilib.

Müzakirələr zamanı əməkdaşlığın prioritet istiqamətləri kimi logistika, turizm, süni intellekt, rəqəmsal media, incəsənət, tibb sahələri üzrə birgə təhsil proqramlarının hazırlanması diqqət mərkəzində olub. Bununla yanaşı, Çin dilinin bakalavr səviyyəsində tədrisinin təşkili, müasir əmək bazarının tələblərinə uyğun ixtisaslaşmaların inkişafı və praktikyönümlü təhsil modelinin tətbiqi məsələləri ətrafında geniş fikir mübadiləsi aparılıb.

Görüş çərçivəsində tələbə və müəllim mobilliyi, akademik mübadilə proqramlarının genişləndirilməsi, eləcə də istehsalat təcrübələrinin birgə təşkili istiqamətində konkret əməkdaşlıq imkanları nəzərdən keçirilib. Xüsusilə, bakalavr pilləsində 3+1 modeli əsasında ikili diplom proqramlarının hazırlanması və hibrid (onlayn və ənənəvi) formatda birgə kursların təşkili məsələləri ilə bağlı ilkin razılıq əldə olunub.

Urumçi Peşə Universitetində universitet-sənaye əlaqələri yüksək səviyyədə inkişaf edib və praktikyönümlü əməkdaşlıq modeli uğurla tətbiq olunur. UVU-nun tərəfdaş olduğu aparıcı Çin şirkətləri ilə NDU-nun əməkdaşlıq imkanları da yaradılacaq.

Əməkdaşlığın daha səmərəli inkişafını təmin etmək məqsədilə hər iki tərəfdən işçi qrupları yaradılıb. Qruplara NDU və UVU rektorları rəhbərlik edəcək.

Xatırladaq ki, səfər gedişində bundan öncə NDU və Sincan Universiteti (Urumçi) arasında əməkdaşlığa dair razılıq əldə olunub.