M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında “Kiçik dəniz küçəsi” silsilə konsertləri çərçivəsində növbəti musiqi axşamı təşkil olunub.

Filarmoniyadan bildirilib ki, aprelin 25-də keçirilən konsertdə dirijor Əyyub Quliyevin rəhbərliyi ilə Q.Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestri və solistlərin ifasında müasir Azərbaycan bəstəkarlarının əsərlərindən ibarət proqram təqdim edilib.

İlk olaraq Ayaz Qəmbərlinin violin və orkestr üçün Arif Məlikovun xatirəsinə həsr olunmuş “Memorial” əsəri səsləndirilib. Solist violin ifaçısı Ümid Mustafazadə olub.

Daha sonra Səid Qəninin simli və zərb alətləri üçün yazdığı “Ulduz beşiyi” təqdim olunub. Bu musiqi nömrəsində solistlər Yusif Əlizadə, Səma Qanbayeva və Rəsul Zülfüqarlı çıxış ediblər.

Proqram Türkər Qasımzadənin mərhum şair Adil Mirseyidin sözlərinə bəstələdiyi səs, gitara və simlilər üçün “İki nəğmə” əsəri ilə davam edib. Əsərin ifasında solistlər Fəridə Məmmədova (soprano) və Raul Hüseynov (gitara) dinləyicilərin rəğbətini qazanıb.

Gecənin finalında Tahir İbişovun "Piano və orkestr üçün konsert"i səsləndirilib. Solist pianoçu Atabala Manafzadə olub.

Konsert boyu musiqişünas Sara Timurova çıxış edərək səsləndirilən əsərlər haqqında tamaşaçılara məlumat verib.

Tamaşaçılar arasında Azərbaycan Bəstəkarlar İttifaqının sədri Xalq artisti Firəngiz Əliyeva,  Prezident Administrasiyasının Humanitar siyasət, diaspora, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva, mədəniyyət xadimləri olub.