TÜRKSOY, UNESCO və Özbəkistan Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Xivə şəhərində III Beynəlxalq “Ləzgi” Rəqs Festivalı (25-30 aprel) keçirilir.

Festivala Azərbaycan, Rusiya, Çin, Qazaxıstan, Türkiyə, Qırğızıstan, Braziliya və Yaponiya daxil olmaqla 30-dan çox ölkədən 300-dən artıq rəqqas, peşəkar rəqs kollektivi, xoreoqraflar, musiqişünaslar, sənətşünaslar və mədəniyyət xadimləri qatılıb.

Azərbaycanı bu mötəbər tədbirdə Bakı Xoreoqrafiya Akademiyası (BXA) təmsil edib. Bu barədə akademiyadan məlumat verilib.

Nümayəndə heyətinin tərkibində BXA-nın tədris işləri üzrə prorektoru, rektor vəzifəsini icra edən Əməkdar artist Nailə Məmməd-zadə, xarici əlaqələr üzrə prorektoru Xalq artisti Təranə Muradova və tədris şöbəsinin müdiri Yeganə Tapdıqova yer alıb. Təranə Muradova festival çərçivəsində həmçinin münsiflər heyətinin üzvü kimi fəaliyyət göstərib.

Açılış mərasimində çıxış edən Nailə Məmməd-zadə festivalda iştirakdan məmnunluğunu bildirib. O, Azərbaycanda xoreoqrafiya sahəsində həyata keçirilən layihələr, əldə olunan nailiyyətlər və gələcək inkişaf perspektivləri barədə məlumat verib.

Təranə Muradova isə çıxışında bildirib ki, Xivə şəhərində təşkil olunan Beynəlxalq “Ləzgi” Rəqs Festivalı müxtəlif ölkələrin rəqs sənəti nümayəndələrini bir araya gətirərək mədəniyyətlərarası dialoqun güclənməsinə, milli rəqs ənənələrinin qorunmasına və gələcək nəsillərə ötürülməsinə xidmət edir. O qeyd edib ki, festival yalnız rəqs müsabiqəsi deyil, həm də xalqlar arasında dostluq və əməkdaşlıq körpüsü rolunu oynayan mühüm mədəni hadisədir.

Festival çərçivəsində “Dünya mədəni inkişafında rəqs sənəti: ənənələr və dəyərlər” mövzusunda III Beynəlxalq elmi-praktik konfrans (27-28 aprel) da təşkil olunub.

Konfransın bölmə iclasında Bakı Xoreoqrafiya Akademiyasının İncəsənət fakültəsinin tələbəsi Aslana Əliyeva “Roza Cəlilova və Azərbaycanın rəqs sənəti” mövzusunda məruzə ilə çıxış edib. Digər tələbə Əminə Əliyeva isə “Ağ çiçək” və özbək rəqslərini uğurla ifa edib.

Tədbirdə çıxış edən rəhbər heyətlər TÜRKSOY tərəfindən diplomlarla təltif olunub, bütün iştirakçılara isə Özbəkistan Mədəniyyət Nazirliyi tərəfindən sertifikatlar təqdim edilib.

Bununla yanaşı, festival çərçivəsində türkdilli dövlətlərin rəqs mədəniyyətini əhatə edən xüsusi antologiyanın hazırlanması məsələsi də müzakirə olunub. Bu təşəbbüs ortaq mədəni irsin qorunması və gələcək nəsillərə ötürülməsi baxımından mühüm addım kimi qiymətləndirilib.