2026-cı ilin ölkəmizdə "Şəhərsalma və Memarlıq İli" ilə əlaqədar, Ağstafa Rayon İcra Hakimiyyətinin tədbirlər planına uyğun olaraq, Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin tabeliyindəki "Keşikçidağ" Dövlət Tarix-Mədəniyyət Qoruğu (Ağstafa rayonu) və Qazax-Tovuz Regional Təhsil İdarəsinin Ağstafa Təhsil sektorunun birgə təşkilatçılığı ilə bilik yarışması keçirilib.
Bu barədə "Keşikçidağ" qoruğundan məlumat verilib.
Vurğun qəsəbə tam orta məktəbin idman zalında təşkil olunan yarışmada Ağstafa rayonunun 34 ümumtəhsil müəssisəsinin müəllimlərindən ibarət komandalar iştirak ediblər.
Tədbirin keçirilməsində əsas məqsəd memarlıq və şəhərsalma sahəsində biliklərin artırılması, bu istiqamətdə maarifləndirmə işinin gücləndirilməsi, eləcə də milli-mədəni dəyərlərin qorunması və təbliği prosesində müəllimlərin rolunun daha da möhkəmləndirilməsindən ibarət olub.
Üç mərhələdən ibarət yarışda komandalara "Şəhərsalma və Memarlıq İli", mədəni irsin daşıyıcıları olan tarixi abidələr, onların qorunması və təbliği mövzularını əhatə edən suallar təqdim olunub.
Münsiflər heyətinin yekun rəyinə əsasən, 1-ci yerə Qıraq Kəsəmən kənd tam orta məktəbin "Xocalı", 2-ci yerə Vurğun qəsəbə tam orta məktəbin "Füzuli", 3-cü yerə Köçəskər kənd 1 nömrəli tam orta məktəbin "Damcılı" komandaları layiq görülüb.
İntellektual tədbir memarlıq və şəhərsalma sahəsində biliklərin təşviqi, mədəni irsin qorunması ilə bağlı maarifləndirmənin gücləndirilməsi və təhsil ictimaiyyəti ilə mədəniyyət institutları arasında əməkdaşlığın inkişaf etdirilməsi baxımından əhəmiyyət kəsb edib.
























