Xəbər verdiyimiz kimi, tarix üzrə fəlsəfə doktoru, Əməkdar jurnalist, “İRS” beynəlxalq jurnalının baş redaktoru Musa Mərcanlının rəhbərliyi ilə nəşr olunan və Azərbaycanın tarixi-mədəni irsinin təbliğinə həsr edilən əsərlər 2026-cı il Dövlət mükafatına təqdim olunub.

Bununla bağlı növbəti müzakirə aprelin 28-də Azərbaycan Mətbuat Şurasında keçirilib.

Müzakirəyə təqdim olunan "İRS" silsiləsindən yeddi nəşr – “Azərbaycan. Yeni Era”, “Tükənməz xəzinə”, “Şirvanşahların minilliyi”, “Dirçəliş. Başlanğıc”, “Daşları toplamaq vaxtıdır”, “Qarabağ: yeni sətirdən” və “Şuşa. Zirvədən uca” kitabları milli-mədəni irsin, tarixi yaddaşın və müasir inkişaf mərhələsinin müxtəlif aspektlərini əhatə edir.

Tədbirdə çıxış edən Mətbuat Şurasının (MŞ) sədri Rəşad Məcid bildirib ki, təqdim olunan nəşrlər yalnız publisistik baxımdan deyil, həm də milli yaddaşın qorunması və gələcək nəsillərə ötürülməsi baxımından böyük əhəmiyyət daşıyır.

Bakı Dövlət Universitetinin (BDU) Jurnalistika fakültəsinin dekanı Vüqar Zifəroğlu vurğulayıb ki, bu əsərlər faktoloji zənginliyi ilə seçilir. O qeyd edib ki, kitablar həm elmi, həm də publisistik baxımdan dəyərli mənbədir.

Milli Məclisin deputatı, siyasi elmlər doktoru Rizvan Nəbiyev bildirib ki, nəşrlər Azərbaycanın dövlətçilik tarixini, xüsusilə də müharibədən sonrakı dövrün reallıqlarını əks etdirən mühüm sənədlər kimi qiymətləndirilməlidir.

BDU-nun Milli mətbuat tarixi kafedrasının müdiri, professor Cahangir Məmmədli qeyd edib ki, təqdim olunan kitablar milli mətbuat tarixinin davamlılığını və inkişafını göstərən mühüm nümunələrdir. Onun fikrincə, bu nəşrlər gələcək tədqiqatlar üçün də ciddi mənbə rolunu oynayacaq.

MŞ idarə heyətinin üzvü, filologiya elmlər doktoru, professor Qulu Məhərrəmli deyib ki, bu əsərlər dil, üslub və məzmun baxımından yüksək səviyyədə hazırlanıb və oxucuda milli kimlik hissini gücləndirir.

Beynəlxalq Avrasiya Mətbuat Fondunun prezidenti, MŞ idarə heyətinin üzvü Umud Mirzəyev bildirib ki, təqdim olunan kitablar bir-birini tamamlayan vahid konsepsiyanın tərkib hissəsidir. Onun sözlərinə görə, bu nəşrlər birlikdə Azərbaycanın keçmişini, bu gününü və gələcəyini əhatə edən dolğun mənzərə yaradır.

“İRS” jurnalının baş redaktoru Musa Mərcanlı diqqətə çatdırıb ki, 2026-cı il Dövlət mükafatına təqdim olunan bu nəşrlər geniş tədqiqatlara, etibarlı mənbələrə və sistemli yanaşmaya əsaslanır: "Məqsədimiz Azərbaycanın tarixi, mədəni irsi və müasir inkişaf mərhələsini vahid konsepsiya çərçivəsində təqdim etmək olub. Bu əsərlərdə həm milli yaddaş, həm də bugünkü reallıqlar öz əksini tapır. Hesab edirik ki, bu nəşrlər elmi və ictimai əhəmiyyətinə görə yüksək qiymətə layiqdir".

Tədbirdə digər çıxış edənlər təqdim olunan nəşrlərin Azərbaycan həqiqətlərinin təbliği, milli-mədəni irsin qorunması və beynəlxalq ictimaiyyətə çatdırılması baxımından mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıblar.