AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun Türk dünyası əlyazmalarının tədqiqi şöbəsinin aparıcı elmi işçisi filologiya üzrə fəlsəfə doktoru Leyla Kərimova 6-17 aprel tarixlərdə Özbəkistanda elmi ezamiyyətdə olub, bir sıra elmi və mədəni tədbirlərdə iştirak edib.

Bu barədə institutdan məlumat verilib.

Ezamiyyətin ilk günlərində alim Fərqanə Dövlət Universiteti və Kokand Universitetinin filologiya fakültələrində təhsil alan tələbələr üçün Azərbaycan ədəbiyyatına dair seminarlar keçib. O, Azərbaycan ədəbiyyatı tarixi, müasir ədəbi proses, XIX–XX əsrlərdə ədəbi-ictimai mühit, repressiya qurbanı olmuş ədiblərin həyat və yaradıcılığı, I Türkoloji Qurultay (Bakı, 1926) və Azərbaycan–Özbəkistan ədəbi əlaqələri barədə mühazirələrlə çıxış edib.

12-15 aprel tarixlərdə L.Kərimova özbək tələbələr üçün Nizami Gəncəvi, İmadəddin Nəsimi, Şah İsmayıl Xətai, Məhəmməd Füzuli, Molla Pənah Vaqif, Mirzə Fətəli Axundov, Abbasqulu ağa Bakıxanov, Səməd Vurğun və Hüseyn Cavid kimi klassiklərin irsi haqqında ustad dərsləri keçib. O, həmçinin Əlyazmalar İnstitutunun fəaliyyəti, əlyazma fondu, aparılan tədqiqat və transfoneliterasiya işləri barədə geniş məlumat verib.

Alim səfər zamanı Kokand şəhərindəki Əlyazmalar Muzeyi və Fərqanə Şəhər Kitabxanasının əlyazma fondu ilə də tanış olub.

Leyla Kərimova 16-17 aprel tarixlərdə Fərqanə Dövlət Universitetinin özbək ədəbiyyatının görkəmli nümayəndəsi Abdulla Oripovun 85 illik yubileyi münasibətilə təşkil etdiyi tədbirdə məruzəsinə görə “Təşəkkürnamə” ilə təltif olunub. O, Abdulla Oripovun yaradıcılığı ilə bağlı yerli televiziyaya müsahibə verib, tədbir haqqında təəssüratını bölüşüb.