Məlum olduğu kimi, Prezident İlham Əliyev klassik Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, şair-filosof Xaqani Şirvaninin 900 illik yubileyi haqqında Sərəncam imzalayıb. Sərəncamdan irəli gələrək Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanası da tədbir və layihələr həyata keçirlir.

Kitabxanadan bildirilib ki, Xaqani Şirvaninin “Həbsiyyə” şeirlərinə həsr olunmuş süni intellekt vasitəsilə geniş təqdimat hazırlanıb. Kitabxananın saytında (https://www.ryl.az/electronic-services/AI_kitab_teqdimatlari) yerləşdirilən təqdimatda Xaqani Şirvaninin həbs olunmasına səbəb olan ictimai-siyasi, yaşadığı dövrün mürəkkəb tarixi şəraiti və saray mühiti geniş şəkildə göstərilib. Eyni zamanda, şairin həbsi zamanı keçirdiyi mənəvi sarsıntılar və onların poeziyaya təsiri süni intellektin analitik imkanları vasitəsilə sistemli şəkildə təqdim olunub.

Bununla yanaşı, kitabxananın saytında (https://www.ryl.az/activity/Khagani_Shirvani_900) “Xaqani Şirvani 900” adlı elektron resurslar bazası yaradılıb. Bazada internet məkanında Xaqani Şirvaninin həyat və yaradıcılığı haqqında dərc edilən materiallar toplanır. İstifadəçilər işlək keçidlər vasitəsilə məqalələrin tam mətninə baxa bilərlər.

Belə təşəbbüslər tariximizin, tarixi yaddaşımızın qorunmasına, həmçinin də klassik Azərbaycan ədəbiyyatının zəngin irsinin gələcək nəsillərə müasir formatda çatdırılmasına xidmət edir.