Azərbaycan incəsənətində, dünyanın bir çox ölkələrində olduğu kimi, rəngkarlıq təsviri sənətin digər növləri ilə müqayisədə daha geniş yayılıb və emosional təsir gücünə malik sahələrdən biri kimi çıxış edir. Bunun əsas səbəblərindən biri rəngkarlığın bədii təfəkkürün dövr və zamanla səsləşən inkişafını daha dolğun və əhatəli şəkildə ifadə etmək imkanlarına malik olmasıdır.

Azərbaycan rəngkarlığının inkişafında mühüm rol oynamış, onu forma və məzmun baxımından zənginləşdirmiş sənətkarlar sırasında Cahangir Rüstəmovun  (1926–2007)  adı xüsusi yer tutur. Onun yaradıcılıq fəaliyyətinə başlaması və rəngkar kimi formalaşması 1950-ci illərə təsadüf edir.

1950-1960-cı illər sovet incəsənətində, o cümlədən Azərbaycan təsviri sənətində müəyyən transformasiya prosesləri ilə səciyyələnir. Bu dövrdə müşahidə olunan canlanma və yeniləşmə meylləri gənc rəssamlar nəslinin həyatın real, hiss olunan gerçəkliklərini əks etdirmək istəyi ilə bilavasitə bağlı idi. Sosialist realizmi uzun müddət ərzində rəssamlar qarşısında dövrün “yüksək rifahlı” həyat tərzinin ideallaşdırılmış və romantik təqdimatını əsas yaradıcılıq istiqaməti kimi müəyyənləşdirmişdi. Bununla belə, “altmışıncılar” adlandırılan sənətkarlar nəslinin fəaliyyəti nəticəsində sovet həyat tərzinin pafoslu tərənnümü tədricən daha obyektiv, gündəlik əmək reallıqlarını əks etdirən təsvirlərlə əvəz olunmağa başlamışdı. Eyni zamanda, bir sıra rəssamlar sosialist realizmi çərçivəsində milli formalara, folklor qaynaqlarına əsaslanan obrazlara və milli identiklik məsələlərinə maraq göstərirdilər. Cahangir Rüstəmovun yaradıcılığı da məhz bu mürəkkəb və çoxşaxəli bədii proseslərin fonunda formalaşıb və inkişaf edib.

Rəssam 1939-1944-cü illərdə Ə.Əzimzadə adına Rəssamlıq Məktəbində təhsil alıb, daha sonra təhsilini V.İ.Surikov adına Moskva Dövlət Rəssamlıq İnstitutunda davam etdirib, lakin ailə vəziyyəti ilə əlaqədar olaraq təhsilini başa vurmadan Bakıya qayıdıb. Buna baxmayaraq, onun yaradıcılığı rəngkarlığın müxtəlif janrlarını əhatə etmiş və milli ruhu, poetik ifadə tərzi ilə seçilib. Rəssamın “Üzümlük”, “Çay becərənlər”, “Tarla zəhmətkeşləri”, “Kolxozçular”, “Balaca köməkçi qız”, “Dağlarda”, “Şahdağ” kimi əsərləri milli kolorit, emosional ifadəlilik və mövzu seçimi baxımından diqqəti cəlb edir və onun sənətinə peşəkar mühitdə yüksək qiymət qazandırıb.

Cahangir Rüstəmov 1945-ci ildə Respublika rəssamlıq sərgisində “Axırıncı düşmən əsgəri” əsəri ilə iştirak edib, on il sonra isə SSRİ Rəssamlar İttifaqının üzvlüyünə qəbul olunub. Yaradıcılıq fəaliyyəti müxtəlif dövrlərdə təşkil olunmuş sərgilərdə geniş şəkildə nümayiş etdirilib. Rəssamın Fransa və Tunisə səfərlərinin bədii təəssüratı olan əsərləri 1962-ci ildə Bakıda “Paris-Tunis” adlı sərgisində təqdim edilib, 1973-cü ildə Astara rayonundakı Nizami adına kolxozda hesabat sərgisi keçirilib. 1979-cu ildə əsərləri Azərbaycan rəssamlarının xarici ölkələrdə keçirilən sərgilərində nümayiş etdirilib. 1982-ci ildə o, respublikanın Əməkdar rəssamı fəxri adına layiq görülüb.

Rəssamın yaradıcılığını əhatəli şəkildə təqdim edən sərgilərdən biri 2002-ci ildə Bakıda Vəcihə Səmədova adına sərgi salonunda keçirilib. Həmin il o, Azərbaycanın Xalq rəssamı fəxri adına, 2004-cü ildə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünə layiq görülüb. Bu faktlar rəssamın yaradıcılığının səviyyədə yüksək qiymətləndirildiyini göstərir.

Rəssamın vəfatından sonra, 90 illik yubileyi münasibətilə Azərbaycan Milli İncəsənət Muzeyində təşkil olunan sərgi (2016) də böyük maraq doğuraraq, təsviri sənət mühitində əlamətdar hadisə kimi yadda qalıb.

Cahangir Rüstəmovun əsərlərində sosial məzmun və kollektiv obrazlar mühüm yer tutur. Onun yaradıcılığında əsasən əmək prosesi, kənd həyatı və gündəlik məişət səhnələri təsvir olunur. Rəssamın tablolarında fiqurlar əksər hallarda kollektiv kontekstdə təqdim edilir və fərdi psixoloji xüsusiyyətlərdən daha çox sosial funksiyaları ilə xarakterizə olunur. Bu fiqurlar dramatizmdən uzaq, sabit, harmonik və idealizə olunmuş şəkildə təqdim edilir ki, bu da sosialist realizminin “müsbət qəhrəman” konsepsiyası ilə səsləşir.

Bununla yanaşı, rəssamın əsərlərində milli motivlərə geniş yer verilir. Xüsusilə geyim elementlərində və dekorativ detallarda özünü göstərən bu xüsusiyyətlər sosialist realizminin beynəlmiləl ideoloji çərçivəsi ilə yerli mədəni ənənələrin sintezi kimi dəyərləndirilə bilər. Rəng həllində dekorativlik, düz rəng səthlərinin üstünlüyü və ornamental yanaşma ilə yanaşı, bəzi əsərlərdə sərbəst fırça vuruşlarının tətbiqi də müşahidə olunur. Bu isə rəssamın akademik ənənə ilə modern ifadə vasitələri arasında tarazlıq yaratmaq cəhdindən xəbər verir.

Rəssamın kompozisiyalarında perspektiv və məkan anlayışı çox vaxt şərti və dekorativ xarakter daşıyır. Məkan daha çox fiqurları tamamlayan fon funksiyasını yerinə yetirir.

Cahangir Rüstəmovun əsərləri müxtəlif ölkələrdə – Rusiya, Türkiyə, Livan, İran İslam Respublikası, Bolqarıstan, Macarıstan, Suriya və Rumıniyada nümayiş olunub, bir qismi müxtəlif muzey və qalereyaların kolleksiyalarına daxil edilib.

Sənətsevərlər bu günlərdə rəssamın 100 illik yubileyi münasibətilə Azərbaycan Milli İncəsənət Muzeyində təşkil olunan sərgidə onun zəngin yaradıcılıq dünyası ilə bir daha tanış olmaq imkanı qazanıblar.

Azərbaycan Rəssamlar İttifaqının sədri Xalq rəssamı Fərhad Xəlilovun aprelin 22-də “Sənət yolunun izləri: Cahangir Rüstəmovun yaradıcılıq dünyası” adlı sərginin açılışında qeyd etdiyi kimi, “Cahangir Rüstəmov Azərbaycan təsviri sənətində özünəməxsus dəst-xətti ilə seçilən, əsərlərində dərin məna və milli ruhu ifadə edən sənətkarlardan biridir. Belə  sənətkarların yaradıcılığı bu gün də aktuallığını qoruyur və sənətin inkişafına mühüm təsir göstərir”.

 

Aytən Muradlı

sənətşünas