ABŞ-nin Minnesota ştatının Müqəddəs Con Universitetinin professoru, Hill Muzeyi və Əlyazmalar Kitabxanasının (Hill Museum & Manuscripts Library – HMML) icraçı direktoru Dr. Kolumba Endryu Stüart (Columba Andrew Stewart) və HMML-in Yaxın Şərq, Afrika, Şərqi Avropa və Cənubi Asiya regionları üzrə layihələrinin sahə direktoru Valid Murad (Walid Mourad) aprelin 16-da AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda olublar.
Bu barədə institutdan məlumat verilib.
Qonaqları institutun direktoru akademik Teymur Kərimli qəbul edib. Görüşdə institutun elmi işlər üzrə direktor müavini fil.ü.f.d., dosent Əkrəm Bağırov, elmi katib tarix ü.f.d., dosent Aynur Hacıqədirli, Ərəbdilli əlyazmaların tədqiqi şöbəsinin müdiri fil.e.d., professor Kamandar Şərifov, Çap kitablarının tədqiqi şöbəsinin müdiri tarix e.d., dosent Tahirə Həsənzadə və Beynəlxalq əlaqələr şöbəsinin müdiri tarix ü.f.d., dosent Nigar Babaxanova iştirak ediblər.
Görüş zamanı qonaqlara institutun əsas fəaliyyət istiqamətləri, burada qorunan əlyazmalar, onların tətbiqinə dair görülən işlər barədə məlumat verilib.
Akademik Teymur Kərimli amerikalı alimlərə Əlyazmalar İnstitutunun nəşri olan “Azərbaycan multidissiplinar əlyazması: Xəzinədən incilər” kitabının ingiliscə nəşrini hədiyyə edib.
Daha sonra qonaqlara ekspozisiya zalında sərgilənən qədim və nadir əlyazma nümunələri, elmi-tədqiqat müəssisəsinin fondunda mühafizə olunan yazılı abidələr, nadir eksponatlar, UNESCO-nun “Dünya yaddaşı” Beynəlxalq Reyestrinə daxil edilən əlyazma nüsxələri, o cümlədən həmin siyahıya salınan Xurşidbanu Natəvanın “Gül dəftəri” illüstrasiyalı şeirlər albomu və s. barədə ətraflı məlumat verilib.
Amerikalı alimlər ekspozisiya zalındakı Ümummilli lider Heydər Əliyev, Azərbaycan Xalq Cümhuriyyətinin Parlamenti və böyük mesenat H.Z.Tağıyev guşələri ilə də tanış olublar.
Sonda Dr. K.E.Stüart Əlyazmalar İnstitutunun xatirə kitabına ürək sözlərini yazıb.






















