Azərbaycan Turizm Bürosu (ATB) 22-24 aprel tarixlərində Qazaxıstanın Almatı şəhərində keçirilən “Kazakhstan International Tourism Fair 2026” (KITF) sərgisində iştirak edir.

Dövlət Turizm Agentliyindən verilən məlumata görə, 10 yerli turizm sənayesi nümayəndəsinin qatıldığı sərgidə Azərbaycan ilboyu cəlbedici turizm istiqaməti kimi təqdim edilir.

İştirakçılara mədəni turizm, macəra və aktiv istirahət, sağlamlıq turizmi, eləcə də işgüzar tədbirlər (MICE) sahəsində mövcud imkanlar barədə ətraflı məlumat təqdim olunur.

Səfər çərçivəsində, həmçinin Qazaxıstanın 40 turizm sənayesi nümayəndəsi üçün destinasiya təqdimatı keçirilib. Tədbir 20-dən çox turizm şirkəti və turoperatorunun iştirak etdiyi, potensial əməkdaşlıq imkanlarının müzakirə olunduğu işgüzar şam yeməyi ilə yekunlaşıb.

Qeyd edək ki, 2026-cı ilin yanvar-mart aylarında Qazaxıstandan Azərbaycana səfər edənlərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 8,3 faiz artaraq 19 762 nəfər təşkil edib.