Bakı Xoreoqrafiya Akademiyasının (BXA) tədris işləri üzrə prorektoru, rektor vəzifəsini icra edən Əməkdar artist Nailə Məmməd-zadə və akademiyanın şagird-tələbə heyəti 20-22 aprel tarixlərində Qazaxıstanın paytaxtı Astana şəhərində keçirilən Gənc xoreoqrafların beynəlxalq festival-müsabiqəsində uğurla iştirak edib.

BXA-dan bildirilib ki, səfər Qazaxıstan Milli Xoreoqrafiya Akademiyasının rəsmi dəvəti əsasında reallaşıb.

Beynəlxalq festival-müsabiqə müxtəlif ölkələrdən olan gənc xoreoqrafları və ifaçıları bir araya gətirərək onların yaradıcılıq potensialının üzə çıxarılması, peşəkar bacarıqlarının inkişaf etdirilməsi, eləcə də mədəniyyətlərarası dialoqun gücləndirilməsi baxımından əhəmiyyətli layihədir.

Tədbir çərçivəsində iştirakçılar həm səhnə çıxışları ilə öz istedadlarını nümayiş etdirib, həm də ustad dərsləri, seminarlar və yaradıcılıq görüşlərində iştirak edərək beynəlxalq təcrübə qazanıblar.

Festivalda BXA tələbələri yüksək peşəkarlıq, səhnə mədəniyyəti və texniki hazırlıq nümayiş etdiriblər.

Onların ifasında Azərbaycan klassik balet sənətinin incilərindən olan “Qız qalası” baletindən rəqs parçası xüsusilə diqqət çəkib. Sözügedən rəqs nömrəsi akademiyanın istedadlı tələbəsi Nəzrin Adiyeva tərəfindən yeni quruluşda hazırlanaraq təqdim olunub və tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb.

Müsabiqənin nəticələrinə əsasən, Nəzrin Adiyeva münsiflər tərəfindən xüsusi mükafata layiq görülüb.

Eyni zamanda, festivalın təşkilatçıları tərəfindən BXA-nın rəhbərliyinə təşəkkür məktubu ünvanlanıb. Məktubda akademiyanın beynəlxalq mədəni əlaqələrin inkişafına verdiyi töhfə, yüksək səviyyəli hazırlıq və təqdim olunan çıxışların peşəkarlığı xüsusi vurğulanıb.