Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasının Kamera orkestri aprelin 23-də Mingəçevir şəhərində konsert proqramı ilə çıxış edib.

Şəhərdəki Heydər Əliyev Mərkəzində təqdim olunan konsert Mədəniyyət Nazirliyinin təşəbbüsü və təşkilatçılığı, ölkənin aparıcı bədii kollektivlərinin iştirakı ilə həyata keçirilən qastrol layihəsi çərçivəsində reallaşıb.

Gəncə Dövlət Filarmoniyasının direktoru Xalq artisti Aygün Səmədzadə tamaşaçıları salamlayaraq yaradıcı kollektivin sənətsevərlərlə növbəti görüşündən məmnunluğunu vurğulayıb.

Bu cür tədbirlərin Azərbaycan mədəniyyətinin zəngin irsinin bölgələrdə təbliği, klassik və müasir musiqimizin daha geniş auditoriyaya çatdırılması, regionlarda mədəni həyatın daha da canlandırılması baxımından əhəmiyyəti diqqətə çatdırılıb.

Konsertin bədii rəhbəri Xalq artisti Rafael Bayramov olub.

Sənətin, musiqinin və milli ruhun bir araya gəldiyi konsertdə klassik və müasir Azərbaycan bəstəkarlarının sevilən əsərləri təqdim olunub. Orkestr və solistlərin ifaları alqışlarla qarşılanıb.

Mingəçevirdə keçirilən musiqi tədbiri bir daha sübut edib ki, sənət insanları birləşdirən güclü körpüdür və onun bu kimi layihələr vasitəsilə ölkənin bütün guşələrini əhatə etməsi çox vacibdir.

Xatırladaq ki, bundan öncə, aprelin 15-də Gəncə Dövlət Filarmoniyasının “Göygöl” Dövlət Mahnı və Rəqs Ansamblı  Lənkəran şəhərində konsert proqramı ilə çıxış edib.

Aparıcı bədii kollektivlərin qastrol proqramı “Azərbaycan Mədəniyyəti – 2040” Konsepsiyası çərçivəsində müəyyən olunmuş prioritet istiqamətlərdən biri – mədəniyyətin regionlarda əlçatanlığının artırılması və ölkə üzrə vahid mədəni ekosistemin formalaşdırılması məqsədinə uyğun olaraq həyata keçirilir.