Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı dünya balet sənətinin incilərindən olan P.Çaykovskinin "Qu gölü" baletini Heydər Əliyev Sarayının səhnəsində nümayiş etdirib.

Teatrdan bildirilib ki, 3 pərdədən və 4 şəkildən ibarət tamaşada Novosibirsk Dövlət Akademik Opera və Balet Teatrının (Rusiya) premyeri, balet artistlərinin beynəlxalq müsabiqələrinin laureatı Artyom Puqaçev Şahzadə Ziqfrid obrazını canlandırıb. Odetta, Odiliya obrazını balet artistlərinin beynəlxalq müsabiqəsinin bürünc mükafatçısı Ayan Eyvazova, Rotbartı Aleksandr Suldin, Təlxək obrazını Mir Aydın Abdullayev oynayıb. Balaca qu quşları Dinara Məmmədova, Nərgiz Abdullayeva, Səbinə Hacıdadaş, Leyla Narimanidze, böyük qu quşları Əməkdar artist Elmira Süleymanova, Liana Praqa, Səbinə Məmmədova, hökmlü şahzadə qadın obrazı Larisa Semyonova, hami obrazı İqor Kuznetsovun ifasında təqdim edilib.

Dirijor pultu arxasında Əməkdar artist Əyyub Quliyev dayanıb. Tamaşanın xoreoqrafiyası Marius Petipa və Lev İvanov, redaksiyası Aleksandr Qorski və SSRİ Xalq artisti, SSRİ Dövlət mükafatı laureatı Qəmər Almaszadəyə aiddir.

Baletmeyster repititorları Xalq artistləri Mədinə Əliyeva, Gülağası Mirzəyev, Əməkdar artist Yuri Lobaçev, quruluşçu rəssam Ənvər Almaszadə (Əməkdar rəssam), konsertmeyster Züleyxa Usubovadır.