18 aprel – Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü münasibətilə Qəbələ Dövlət Tarix-Bədii Qoruğu və rayon Mədəniyyət Mərkəzinin (Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsi) təşkilatçılığı il tədbir keçirilib.
Qoruğun direktoru Zahir Kərimov diqqətə çatdırıb ki, Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü insanlara mədəni irsin əhəmiyyətini xatırlatmaq, onu qorumaq və gələcək nəsillərə çatdırmaq günün vacib çağırışlarından hesab olunur. Direktor qeyd edib ki, xalqın keçmişini, mədəniyyətini və kimliyini əks etdirən abidələr və tarixi yerlərin unudulmaması və qorunması üçün hər il aprel ayından başlayaraq təhsil ocaqlarında maarifləndirici görüşlər keçirilir.
Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü münasibətilə Qəbələ Dövlət Tarix-Bədii Qoruğunda ənənəvi “açıq qapı” aksiyası da keçirilib.
Qoruğu ziyarət edənlər rayon Mədəniyyət Mərkəzinin nəzdində fəaliyyət göstərən "Gülbuta", "Gülüstan" folklor qrupları, "Zopu-Zopu" etnoqrafik rəqs qruplarının çıxışlarını izləyiblər. Musiqi nömrələri və səhnəciklər maraqla qarşılanıb.
Arxeoloji mərkəzdə kitab sərgisi də açılıb.
Ziyarətçilər gün ərzində ödənişsiz olaraq tarixi məkanın arxeoloji qazıntılar aparılmış əraziləri və SEBA təşkilatının təşəbbüsü və dəstəyi ilə ərsəyə gəlmiş Qəbələ Arxeoloji Mərkəzinin sərgi salonları ilə yaxından tanış olublar.
























