18 aprel Beynəlxalq Abidələr və Tarixi Yerlər Günüdür (International Day for Monuments and Sites). 1983-cü ildə UNESCO yanında Abidələr və Tarixi Yerlər üzrə Beynəlxalq Şuranın (International Council on Monuments and Sites – ICOMOS) təşəbbüsü ilə təsis edilib. Hər il bir deviz-mövzu altında qeyd olunur. “Münaqişələr və fəlakətlər kontekstində yaşayan irs üçün fövqəladə reaksiya” – 2026-cı il üçün bu mövzu seçilib.
Tarixdəki olaylar
18 aprel 1949 – İrlandiya adasının cənubu Britaniya Birliyindən ayrılaraq İrlandiya Respublikası kimi müstəqilliyini elan edib. 1914-cü ildə İrlandiya Britaniya tərkibində muxtariyyət əldə etmiş, 1921-də isə onun cənub hissəsi Britaniya Birliyi tərkibində dominion (nisbi özünüidarə) statusu almışdı. İrlandiya Respublikasının elan olunması ilə ada iki yerə bölündü və Şimali İrlandiya muxtariyyət kimi Londonun nəzarətində qaldı.
18 aprel 1953 – Azərbaycan SSR Mədəniyyət Nazirliyi yaradılıb. Azərbaycan SSR Qanununa əsasən, yeni nazirlik Kinematoqrafiya Nazirliyi, Mədəni-Maarif Müəssisələri Komitəsi, Radio Komitəsi, İncəsənət İşləri İdarəsi və Poliqrafiya Sənayesi, Nəşriyyat və Kitab Ticarəti İşləri İdarəsinin birləşdirilməsi nəticəsində təşkil edilib. Azərbaycan SSR Ali Sovetinin qərarı ilə Məmməd Ələkbərov respublikanın ilk mədəniyyət naziri təyin edilib.
18 aprel 1993 – Ermənistan işğalçı qüvvələri Kəlbəcər rayonunun Başlıbel kəndinin sakinlərinə qarşı kütləvi qırğın törədib. Aprelin əvvəlində işğal zamanı kəndi tərk edə bilməyərək dağlıq ərazidəki mağaralara sığınan bir qrup sakin erməni dəstələri tərəfindən aşkar edilərək atəşə tutulub. 12 sakin öldürülüb, 14 nəfər girov götürülüb. Girovlar sonradan azad edilsələr də, onlardan 9-u aldıqları mənəvi-psixoloji sarsıntılardan vəfat ediblər.
18 aprel 2001 – Prezident Heydər Əliyev dövlət idarəçiliyində struktur islahatları ilə bağlı sərəncamlar imzalayıb. Bir sıra qurumlar (NK yanında Xarici Turizm Şurası, Dövlət Sığorta Nəzarəti) ləğv edilib. Torpaq Komitəsi və Geodeziya-Xəritəçəkmə Komitəsi birləşdirilib, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi (2015-ci ildə ləğv edilib, funksiyaları Əmlak Məsələləri Dövlət Komitəsinə verilib) yaradılıb. Bundan əlavə, Yanacaq-Energetika Nazirliyi (2004-cü ildən Sənaye-Energetika Nazirliyi, 2013-cü ildən Energetika Nazirliyi), Gənclər, İdman və Turizm Nazirliyi (2006-cı ildən Gənclər və İdman Nazirliyi) yaradılıb.
Tarixdəki adlar (mədəniyyət, ədəbiyyat)
18 aprel 1819 – Avstriya bəstəkarı və dirijoru Frans fon Zuppe (Franz von Suppe – əsl adı Francesco Suppe Demelli; 1819–1895) anadan olub. “Gözəl Qalateya”, “Bokaçço” operalarının müəllifidir.
18 aprel 1873 – Tanınmış xanəndə Məcid Behbudalı oğlu Behbudov (1873 – 6.9.1945) Şuşada anadan olub. Bakıda, Gəncədə opera tamaşalarında çıxış edib. 30-cu illərdə İrəvanda, sonra Qazaxda yaşayıb, orada vəfat edib. Müğənni, SSRİ Xalq artisti Rəşid Behbudovun atasıdır.
18 aprel 1897 – Azərbaycanın ilk professional qadın müğənnisi, SSRİ Xalq artisti Şövkət Həsən qızı Məmmədova (1897 – 8.6.1981) Tiflisdə doğulub. Milan Konservatoriyasında təhsil alıb. 1923-cü ildə Bakı Teatr Məktəbinin (indiki Mədəniyyət və İncəsənət Universiteti) yaradıcılarından olub.
18 aprel 1917 – SSRİ Xalq artisti Georgi Vitsin (1918 – 22.10.2001) anadan olub. Filmləri: “Qafqaz əsiri”, “I əməliyyatı...”, “Uğur centlmenləri”, “Balzaminovun evlənməsi” və s.
18 aprel 1941 – Teatr rəssamı Solmaz Manaf qızı Haqverdiyeva (1941–2000) Bakıda anadan olub. Akademik Milli Dram, Kukla, Gənclər teatrlarında işləyib.
18 aprel 1991 – Əməkdar incəsənət xadimi, tanınmış şair Tofiq Qulam oğlu Bayram (16.12.1934 – 1991) vəfat edib. Kitabları: “Səninlə görüşəndə”, “Könlümdə yaşayanlar”, “Ay gecikən məhəbbətim” və s.
Hazırladı: Vüqar Orxan























