Azərbaycan Milli Elmlər Akademiyasının Folklor İnstitutunda Elmi şuranın növbəti iclasında 2026-2030-cu illəri əhatə edən mövzu planı nəzərdən keçirilib.

İnstitutun direktoru, filologiya elmləri doktoru Hikmət Quliyev qeyd edib ki, müasir dövrdə humanitar və sosial elmlər sahəsində baş verən qlobal transformasiyalar, ölkədə həyata keçirilən dövlət siyasətinin prioritetləri, eləcə də son dövrlərdə AMEA-da aparılan islahatlar fonunda folklorşünaslıq qarşısında yeni vəzifələr formalaşmaqdadır. Bu kontekstdə Folklor İnstitutunun mövzu planları yenilənib və AMEA-nın Rəyasət Heyəti tərəfindən təsdiq olunub.

Hikmət Quliyev uzun müddət institutda aparılan tədqiqatların əsasən filoloji paradiqmaya müvafiq olaraq mətnmərkəzli olduğunu söyləyib. Qeyd edib ki, yeni beşillik mövzu planında dünya folklorşünaslıq elminin çağırışlarına söykənməklə sosial-antropoloji folklorşünaslıq yanaşmalarına üstünlük verilib.

Direktor Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş “Türkoloji folklorşünaslıq: nəzəri konteksti, praktik yönləri və təhlil perspektivləri” mövzusunda keçiriləcək 8-ci “Ortaq türk keçmişindən ortaq türk gələcəyinə” Beynəlxalq Elmi Simpoziuma hazırlıq barədə də məlumat verib. Bildirib ki, simpoziumun tərəfdaş qurumları artıq müəyyənləşdirilib və tədbirin cari ilin iyun ayının ikinci yarısında keçirilməsi planlaşdırılır. 

Daha sonra iclasda Xalq yazıçısı, akademik Kamal Abdullanın “Gizli Dədə Qorqud: yeni mənalar axtarışında” kitabı müzakirə olunub.

Qeyd edək ki, kitab ədəbiyyat sahəsində 2026-cı ilin Dövlət mükafatlarına təqdim edilib.

Onlayn formatda iştirakçıların da qoşulduğu müzakirələrdə institutun direktoru Hikmət Quliyev, AMEA Rəyasət Heyəti aparatının Elm və təhsil şöbəsinin müdiri, Folklor İnstitutunun aparıcı elmi işçisi filologiya elmləri doktoru Sərxan Xavəri, filologiya elmləri doktoru, dosent Səfa Qarayev, institutun “Dədə Qorqud” şöbəsinin müdiri filologiya elmləri doktoru, professor Ramazan Qafarlı, Mifologiya şöbəsinin müdiri filologiya elmləri doktoru, professor Seyfəddin Rzasoy, Mərasim folkloru və milli kulinariya ənənəsi şöbəsinin müdiri filologiya elmləri doktoru, dosent Ağaverdi Xəlil, elmi işlər üzrə direktor müavini filologiya üzrə fəlsəfə doktoru, dosent Afaq Ramazanova və elmi katib filologiya üzrə fəlsəfə doktoru, dosent Elçin Abbasov kitabla bağlı fikirlərini bölüşüblər.

Kamal Abdullanın “gizli məna” konsepsiyasının qorqudşünaslıqda yeni mərhələ açdığı vurğulanıb. Müzakirələrdə onun yanaşmasının semantik dərinlik, mifoloji düşüncə və metodoloji yeniliklərlə seçildiyi, “Kitabi-Dədə Qorqud”un çoxqatlı və ümumbəşəri kontekstdə şərh olunduğu qeyd edilib. Əsərin həm Azərbaycan folklorşünaslığı, həm də türkoloji elmi mühit üçün yüksək dəyərə malik olduğu və mühüm elmi nailiyyət kimi qiymətləndirildiyi qeyd olunub.

İclasın cari məsələlər bölməsində Nərmin Babayevanın “Etioloji miflərin semantikası” monoqrafiyasının nəşri məsələsinə baxılıb. Elmi katib filologiya üzrə fəlsəfə doktoru Elçin Abbasov əsərin elmi aktuallığını və nəşrinin məqsədəuyğunluğunu əsaslandırıb. Monoqrafiyanın nəşrə tövsiyə olunması barədə qərar qəbul edilib.