“İRS” beynəlxalq jurnalının ərəb dilində növbəti buraxılışı işıq üzü görüb.
Buraxılışda Azərbaycanın müasir inkişafını, tarixi irsini və beynəlxalq münasibətlərini, o cümlədən İslam-ərəb dünyası ilə əlaqələrini müxtəlif aspektlərdən işıqlandıran elmi və publisistik məqalələr yer alıb.
Misirli tədqiqatçı Əhməd Tərabikin “Azərbaycan və İslam Əməkdaşlıq Təşkilatı: İslam dünyasında səmərəli tərəfdaşlığın nümunəsi” adlı məqaləsində ölkəmizin İslam aləmində rolu və beynəlxalq əməkdaşlığa töhfələri təhlil edilib.
Milli Məclisin deputatı, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin idarə heyətinin üzvü Gülşən Paşayevanın “Qadın İslam və mədəni müxtəliflik arasında: Azərbaycan təcrübəsinə baxış” məqaləsində Azərbaycan qadınının cəmiyyətdəki mövqeyi və multikultural mühitdə rolu araşdırılıb.
Misirin Ayn Şəms Universitetinin professoru, filologiya üzrə fəlsəfə doktoru, azərbaycanşünas-alim Əhməd Sami əl-Aydinin “İkinci Qarabağ müharibəsinin 5 ili: Qələbə, yenidənqurma və sülh yoluna baxış” məqaləsində işğaldan azad olunmuş ərazilərdə aparılan bərpa işləri və gələcək inkişaf perspektivləri təqdim edilib.
Azərbaycan İlahiyyat İnstitutunun rektoru ilahiyyat üzrə fəlsəfə doktoru Aqil Şirinovun “Azərbaycanda birgəyaşayış ənənəsi: Unikal tarixi təcrübə” yazısı isə ölkəmizdə tolerantlıq və multikulturalizm ənənələrinin tarixi köklərini işıqlandırıb.
Jurnalın bu buraxılışında Azərbaycan ilə ərəb dünyası arasında mədəni və elmi əlaqələrə, memarlıq irsinə və təbiət gözəlliklərinə həsr olunmuş məqalələr də yer alıb. Misir-Azərbaycan Dostluq Cəmiyyətinin idarə heyətinin sədri Seymur Nəsirovun “Azərbaycan və ərəblər arasında elmi və mədəni körpülər” yazısı, Azərbaycan Memarlar İttifaqının Memarlıq irsi üzrə komissiyasının sədri Rizvan Bayramovun Bakının memarlığında “Art Nouveau” üslubuna dair araşdırması oxuculara təqdim edilib.
Qeyd edək ki, 25 ildən çoxdur müxtəlif dillərdə Azərbaycan həqiqətlərini dünyaya çatdıran “İRS” beynəlxalq jurnalının baş redaktoru tarix üzrə fəlsəfə doktoru, “İRS Nəşriyyat Evi”nin ("Irs Publishing House") rəhbəri Musa Mərcanlıdır.























