Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsinin (RMİ) dəstəyi, Şəki şəhər Heydər Əliyev Mərkəzi və şəhər 3 nömrəli Uşaq musiqi məktəbinin birgə təşkilatçılığı ilə 15 aprel – Dünya İncəsənət Gününə həsr olunmuş “İncəsənətin harmoniyası” adlı tədbir keçirilib.

Tədbirdə Şəki Şəhər İcra Hakimiyyətinin nümayəndələri, Şəki-Zaqatala RMİ-nin, YAP Şəki şəhər təşkilatının rəhbərliyi və əməkdaşları, idarə və müəssisə rəhbərləri, mədəniyyət işçiləri, şəhər ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Heydər Əliyev Mərkəzində keçirilən tədbirin əvvəlində qonaqlar incəsənət nümunələrindən ibarət sərgi ilə tanış olublar. Sərgidə təkəlduz, şəbəkə nümunələri, ağac üzərində oyma işləri, eləcə də Şəki şəhər Uşaq incəsənət məktəbinin şagirdlərinin hazırladıqları müxtəlif yaradıcılıq nümunələri nümayiş etdirilib.

Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Vətən uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Şəki-Zaqatala RMİ-nin rəisi Tural Kərimov çıxışında incəsənətin cəmiyyətin mənəvi həyatında mühüm yer tutduğunu, mədəni irsin qorunması və təbliğinin əhəmiyyətindən danışıb. O, ölkəmizdə mədəniyyət sahəsinə göstərilən diqqət və qayğıdan söz açaraq, bu kimi tədbirlərin incəsənətin inkişafına töhfə verdiyini qeyd edib.

Tədbir Şəki şəhər 3 nömrəli Uşaq musiqi məktəbinin müəllim və şagirdlərinin təqdimatında musiqi nömrələri ilə davam edib.