“Azerbaijan International Mining Company Limited (AIMC)" şirkətinin Azərbaycandakı nümayəndəliyi və “Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxs ilə AMEA Arxeologiya və Antropologiya İnstitutu arasında bağlanmış müqavilələrə əsasən, institutun “Yeni tikinti sahələrinin arxeoloji tədqiqi" şöbəsi tərəfindən Ağdərə rayonunun Canyataq kəndi yaxınlığında “Dəmirli” filiz emalı kompleksi ərazisində və Ağdam rayonunun Göytəpə kəndi ərazisində arxeoloji qazıntı və monitorinq aparılıb.

Bu barədə Arxeologiya və Antropologiya İnstitutundan məlumat verilib.

“Dəmirli” kompleksi ərazisində arxeoloqlar tərəfindən Orta əsrlər dövrünə aid tikili qalıqları və saxsı nümunələri aşkar edilib. Şirli keramika nümunələri ümumilikdə kasa və boşqab formalı qablarla təmsil olunmaqla, XI-XV əsrlərə aid edilirlər. Arxeoloji monitorinq qrupu tərəfindən ərazidə aparılan vizual müşahidələr zamanı, kompleks yaxınlığında, 3 ədəd kurqan qeydə alınıb.

Ağdam rayonunun Göytəpə kəndi yaxınlığında, Eyvazxanbəyli kənd qəbiristanlığı ərazisindəki türbədə monitorinq aparılıb. Türbə hicri təqvimi ilə 1343, miladi təqvimi ilə 1924-cü ilə aiddir. Türbənin üzərindəki daş kitabəyə əsasən burada “Şamil bəy Salman bəy oğlu” dəfn edilib. Altıguşəli türbə memarlığı, əsasən qülləvari türbə tipinə aid olan və Azərbaycanın orta əsr memarlığında rast gəlinən nadir həndəsi formalardan biridir. Bu üslubda olan türbələr altıbucaqlı (heksaqonal) plana malikdir və adətən üstü günbəzlə tamamlanır.